Fransa qoşunlarını və səfirini Nigerdən çıxarır

post-img

Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, ölkəsinin hərbi kontingentini Nigerdən çıxarmaq barədə qərar qəbul edib. Məlumatı “İnterfaks.ru” verib.

O, TF1 telekanalının efirində bildirib ki, qoşunların çıxarılması prosesi bu ilin sonuna qədər başa çatacaq. Makron Fransa səfirinin də Niameyadan geri çağırılacağını deyib. 

Hər iki məsələni Higerin yeni hakimiyyəti tələb edir. Bu Afrika ölkəsindəki Fransa qoşunlarının sayı təxminən 1,5 min nəfərdir. 

Makron əlavə edib: “Bizim qoşunlar Niger, Burkino-Faso və Maliyə terrorizmə qarşı mübarizə üçün gedib. Bu yaxınlarda həmin ölkələrdə dövlət çevrilişi baş verib. Sentyabrın 24-də, günün ikinci yarısında mən Niger prezidenti Bazumla (o, hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılıb – red.) telefon əlaqəsi saxlamışam. Onu islahatlar həyata keçirmək istədiyi üçün istefaya göndəriblər. Fransa öz səfirini də geri çağırmaq qərarındadır. Biz artıq Nigerlə hərbi əməkdaşlığa son qoyuruq”.

Sentyabrın 24-də Fransa KİV-i də Afrikada Aeronaviqasiya Təhlükəsizliyi üzrə Agentliyə istinadən məlumat yayıb ki, Niger bütün Fransa təyyarələrinin öz ərazisindən uçuşuna qadağa qoyub. 

Niger agentliyinin məlumatında deyilirdi: “Nigerin hava məkanı Fransa təyyarələri istisna olmaqla, bütün daxili və beynəlxalq kommersiya aviareysləri üçün açıqdır”. 

Paşa ƏMİRCANOV
XQ

Dünya