Rusiya–Ukrayna müharibəsi: tərəflər ciddi dönüşə nail ola bilmir

post-img

Bir neçə gündən sonra, daha dəqiq desək, sentyabrın 24-də Rusiya-Ukrayna müharibəsinin başlanmasının 19 ayı tamam olacaq. Bu rəqəmi bəlkə də dildə demək asandır, amma bu vaxt ərzində hər iki ölkə ağır dağıntılara və heç vaxt əvəz olunmayacaq on minlərlə insan itkilərinə məruz qalıb. 

Müharibə Ukraynada çox sayda ailələrə acı kədər və məyusluq gətirib. Buna baxmayaraq, Ukrayna dövləti və xalqı əl-ələ verib öz suverenliyi uğrunda özündən qat-qat güclü olan rəqibi ilə ağır mübarizə aparır. Döyüşlər isə gündən-günə daha ağır və qəddar şəkildə davam edir.

UNİAN agentliyi yazır ki, Rusiya silahlı birləşmələri ötən gecə Ukraynaya 30 kamikadze dronu və 1 İskəndər-M ballistik raketi ilə hücum edib. Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri (HHMQ) tərəfindən ölkənin cənub-şərqi istiqamətindən atılmış “Şahed” - 136/131 tipli 27 dron və bir əməliyyat-taktiki səviyyəli kəşfiyyat PUA-sı zərərsizləşdirilib. “İskəndər-M” raketinin isə Krım ərazisindən Krivoy Roq istiqamətinə atıldığı qeyd olunub.

Bu da danılmaz həqiqətdir ki, Ukrayna heç də Rusiya təcavüzü qarşısında tək deyildir. ABŞ başda olmaqla Qərb Ukraynaya hər cür dəstək verir. Dünən məlum olub ki, Avropa İttifaqı (Aİ) 12-ci anti-Rusiya sanksiyalar paketi üzrə müzakirələrə başlamağa hazırlaşır. “Bloomberg” agentliyinin  məlumatına görə, Rusiyaya qarşı sanksiyalar paketi oktyabrın birinci yarısında təqdim oluna bilər.

Xəbərdə həmçinin qeyd olunur ki, bir qrup Aİ ölkəsi yeni paket çərçivəsində Rusiyanın nüvə sektoruna qarşı sanksiyaları, həmçinin almaz idxalına qadağa qoymağı təşviq etməyi planlaşdırır. Agentliyin məlumatına görə, Aİ rəhbərliyi Rusiyada istehsal olunan mayeləşdirilmiş təbii qaza (LNG) məhdudiyyətlər qoymağa, eləcə də bu ölkənin informasiya texnologiyaları sektoruna qarşı əlavə sanksiyalar tətbiq etməyə çalışır.

Müharibənin əsas ağırlığı, əlbəttə, əsgər və zabitlərin üzərinə düşür. Hazırda nəyin bahasına olursa-olsun öz torpaqlarını düşməndən azad etməyə çalışan Ukrayna Ordusu daha motivasiyalı görünür. Son günlər ukrayanlıların cəbhənin bir çox istiqamətlərində uğurlu hücum əməliyyatları həyata keçirdikləri barədə xəbərlər dolaşır. Bununla dərabər, gözlənilən ciddi dönüş hələlik mümkün olmayıb. 

Yeri gəlmişkən, bu günlərdə Ukrayna Ordusunda ciddi kadr dəyişiklikləri baş verir. Belə ki, bazar ertəsi Ukrayna hökuməti müdafiə nazirinin altı müavinini işdən azad edib. 

Bu ayın əvvəlindən, iki həftədən az bir müddət əvvəl bu vəzifədə Aleksey Reznikovu əvəz edən Rüstəm Umerov ölkənin müdafiə nazirliyinin yeni rəhbəri təyin edilib. Vəzifəsindən kənarlaşdırılanlar arasında hərbi əməliyyatların gedişi ilə bağlı ictimaiyyətə açıqlamalar verən Anna Malyar da var.

Məsaim ABDULLAYEV 
XQ

 

Dünya