Rubinyan Ermənistanın Rusiya əleyhinə alət olduğunu inkar edir

post-img

Ermənistan Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün alət deyil. Belə bir bəyanatla Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan çıxış edib. Məlumatı “İnterfaks.ru” verib. 

Rubinyan İctimai Televiziyanın efirində deyib: “Ermənistanın Rusiya əleyhinə alət olması barədə deyilənlərin məntiqi yoxdur. Bunu təsdiq edən heç bir fakt yoxdur və heç bir təhlil bunu sübut edə bilməz”.

O qeyd edib ki, Ermənistan həmişə özünü geosiyasi qarşıdurmalardan kənarda saxlayıb və müttəfiqlik öhdəliklərini yerinə yetirib: “Rusiya ilə münasibətləri bərpa etməyə ehtiyac yoxdur, çünki Rusiya-Ermənistan münasibətləri pozulmayıb”. 

Keçən həftə rusiyalı diplomatik mənbə bildirib ki, “Rusiyanı süni surətdə Cənubi Qafqazdan sıxışdırmaq istəyirlər, özü də Yerevandan bu məqsədlərin reallaşması üçün istifadə edilir”. 

Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

Dünya