Niger üsyançıları Fransa səfirini diplomatik toxunulmazlıqdan məhrum ediblər

post-img

Nigerin üsyançı hakimiyyəti Fransanın bu ölkədəki səfiri Silvan İtteni diplomatik toxunulmazlıqdan məhrum edib və ondan 48 saat ərzində ölkəni tərk etməsini tələb edib. Bu barədə Sky News Arabia xəbər verir.

Niger Daxili İşlər Nazirliyi jurnalistlərə təsdiqləyib ki, Fransa səfiri “artıq diplomatik toxunulmazlığa malik deyil, onun diplomatik kartı və vizaları ləğv edilib”. Niger hakimiyyətinə yaxın mənbə bildirib ki, yerli polis artıq fransalı diplomatın deportasiyası prosesinə başlamaq üçün göstəriş alıb. Sky News Arabia-nın məlumatına görə, Fransa hakimiyyəti artıq vəziyyətlə bağlı məlumatlandırılıb.

Avqustun 30-da Əl-Ərəbiyyə telekanalı xəbər verib ki, Nigerdə ​​qiyamın təşkilatçıları Fransa ilə bütün təhlükəsizlik və hərbi müqavilələri ləğv etdiklərini bəyan ediblər. Avqustun 26-da AFP xəbər verib ki, üsyançılar Fransa səfiri Silvan İttedən Nigerin hərbi təyinatlı xarici işlər naziri ilə görüşməkdən imtina etdiyi üçün ölkəni tərk etməyi tələb ediblər. Lakin elə həmin gün üsyançıların səfirin ölkədən çıxarılması ilə bağlı müraciəti geri götürülüb. Fransa hesab edir ki, “qiyamçıların” səfiri ölkədən çıxarmaq səlahiyyəti yoxdur.

S.ELAY,

"Xalq qəzeti"

Dünya