Dünya Müsəlman Alimləri Birliyinin BMT-yə çağırışı

post-img

Dünya Müsəlman Alimləri Birliyi Qurani-Kərimə istiqamətli hücumlardan sonra Birləşmiş Millətlər Təşkilatını (BMT) bu mövzuda əməkdaşlıq etməyə və qərarlar qəbul etməyə çağırıb.

Danimarka və İsveçdə Quranın yandırılması və ayaqlar altında tapdalanması kimi İslam dünyasının duyğularını təhrikedici hərəkətlərdən sonra Dünya Müsəlman Alimlər Birliyi dünən bir çox dərnək ilə ərəb millət vəkillərinin və mütəfəkkirlərinin iştirakı ilə Qurani-Kərimin Mühafizəsi üzrə Beynəlxalq Forum təşkil edib.

İstanbulda Beynəlxalq Müsəlman Alimləri Həmrəylik Dərnəyinin (UMAD) binasında keçirilən forumun yekun bəyanatında Qurana təhqirin beynəlxalq sülhü təhdid etdiyi vurğulanıb və dinlərin təhqir olunmasının qarşısını alacaq beynəlxalq razılaşmanın əldə olunması üçün BMT konstruktiv əməkdaşlığa və müvafiq qərar qəbul etməyə çağırılıb.

Bəyanatda ayrıca, müsəlmanların müqəddəs dəyərlərinə edilən bu təhqirlərlə bağlı konfrans keçirilməsi və belə hərəkətlərin təkrarlanmaması üçün təsirli vasitələrlə strateji plan hazırlanmasının vacibliyi vurğulanıb.

Sözügedən hərəkətlərdən yarana biləcək təhlükələri üzə çıxarmaq üçün İslam ölkələrindən bu hərəkətlərə icazə verən Qərb dövlətləri ilə görüşmələri istənilib.

İslam ölkələrindən ayrıca, İslamı təbliğ etmək üçün beynəlxalq, iqtisadi və siyasi əlaqələrə sərmayə qoymaları və bunu strateji məqsəd kimi qarşıya qoymaları istənib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya