Prezidentin sözçüsü Dmitri Peskov deyib ki, o, silahlı qiyama cəhd nəticəsində Rusiya hakimiyyətinin mövqelərinin sarsıldığına inanmır. Onun sözlərinə görə, “çoxlu emosional isterika” olub, lakin cəmiyyət prezidenti dəstəkləyir.
“Biz razı deyilik. Hazırda çoxlu emosional isterika var. Mütəxəssislər, psevdo-mütəxəssislər arasında. Bunun reallıqla heç bir əlaqəsi yoxdur. Rusiyada prezident ətrafında konsolidasiya səviyyəsi çox yüksəkdir. Bu hadisələr də bunu nümayiş etdirdi”, – deyə Peskov mətbuata bildirib.
Xatırladaq ki, iyunun 23-də "Vaqner"in yaradıcısı Yevgeni Priqojin qiyamın başladığını elan etmiş və onu "ədalətin marşı" adlandırmışdı. Gecə saatlarında onun döyüşçüləri Rostov-na-Donudakı hərbi obyektləri tutmuşdular. İyunun 24-ü axşam saatlarında Aleksandr Lukaşenkonun mətbuat xidməti xəbər verdi ki, Belarus prezidenti münaqişənin həlli üçün "Vaqner"oin təsisçisi ilə razılaşıb: qruplaşmanın döyüşçüləri yenidən səhra düşərgələrinə göndərilib, Priqojin isə Belarusa uçub. İyunun 27-də Federal Təhlükəsizlik Xidməti qiyama cəhdlə bağlı cinayət işini bağlayıb.
S.ELAY,
"Xalq qəzeti"