Bu gün Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev Rusiyada “Vaqner”in başçısı Yevgeni Priqojinin qaldırdığı qiyamla əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib. İclasda əsasən ölkənin güc strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri işturak ediblər. Məlumatı “Kommersant.ru” verib.
Prezidentin mətbuat xidmətinin bununla bağlı məlumatında bildirilir: “Dövlət başçısı Qazaxıstan baş nazirinin, baş prokurorun, Dövlət Təhlükəsizliyi Komitəsi başçısının, Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirlikləri rəhbərlərinin Rusiyadakı hadisələrlə əlaqədar verilmiş tapşırıqların icrası üzrə hesabatlarını dinləyib”.
Tokayev deyib ki, Rusiyada baş verənlər bu ölkənin daxili işidir. Amma Rusiya Qazaxıstanın strateji müttəfiqi olduğu üçün Astana baş verənləri diqqətlə izləyir.
Prezident Rusiyadakı vəziyyət fonunda ölkədə istənilən “böhran vəziyyəti”nə hazır olmağa çağırıb.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”