Avstriyalı rəssam Qustav Klimtin çəkdiyi “Gözəlliyə həsr edilmiş portret” adlı rəsm əsərinin London hərracında 65 milyon funt sterlinqə satılacağı gözlənilir.
Şəkildə çiçəklərin və quşların fonunda əsrarəngiz gözəlliyə malik qadın fiquru əks olunub. Bu əsər həm də Klimtin Çin və yapon incəsənətinə olan məftunluğunu əks etdirir.
Klimtin ölümündən qısa müddət sonra əsər rəssamın ən yaxın dostu, Vyana sənayeçisi Ervin Böhler tərəfindən alınıb. Bu əsər rəssamın sonuncu əl işidir. O, 1918-ci ildə 55 yaşında bu portret üzərində işləyərkən, gözlənilmədən insult keçirir və vəfat edir.
Qeyd edək ki, rəssamın digər əsəri – “Ağcaqayın meşəsi” adlı mənzərə tablosu keçən il hərracların birində 104,6 milyon dollara satılıb.
Fidan SALMANOVA, “Xalq qəzeti”