Almaniyanın milli təhlükəsizlik strategiyası təsdiqlənib

post-img

Almaniya hökuməti ölkə tarixində ilk dəfə milli təhlükəsizlik strategiyasını təsdiq edib. Bu barədə “Xalq qəzeti” “Berliner Zeitung”a istinadən xəbər verir. 

Məlumatda bildirilir ki, federal hökumət bir neçə aylıq danışıqlardan sonra strategiyanı təsdiq etmək qərarına gəlib. Beləliklə, Nazirlər Kabineti nüvəsini əsasən Bundesverin gücləndirilməsi təşkil edən 40 səhifəlik sənədi bəyənib. 

Məlumatda qeyd edilir ki, Ukraynadakı münaqişə strategiyanın hazırlanmasına təsir edən əsas faktor olub. 

Sənəddə Rusiya Avropada dünya düzəni üçün ciddi təhlükə kimi göstərilib. Bununla yanaşı, bildirilir ki, Almaniya və NATO Rusiya ilə qarşıdurmaya çalışmayacaq, ancaq Şimali Atlantika alyansı üzrə müttəfiqlərini qorumağa hazır olacaq. 

Almaniyanın təhlükəsizlik konsepsiyası əsasən ölkənin və NATO ərazisinin, eləcə də kiberməkanın və kosmosun təhlükəsizliyinin, xarici təsirlərə və şpionaja qarşı mübarizənin, texnologiya və kritik infrastrukturun, böhran vəziyyətlərdə idarəetmənin, pandemiyanın, energetika və ərzaq sahələrində nailiyyətlərin təmin edilməsinə yanaşmanı əks etdirir. 

P.ƏMİRCANOV,
"Xalq qəzeti”

Dünya