Çin daxili işlərinə qarışmağa son qoyulmasını tələb edir

post-img

ABŞ Çinin daxili işlərinə qarışmağa və onun inkişafına zərər vurmağa son qoymalıdır. Bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Tsin Qan Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenlə telefon söhbəti zamanı bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

Çin XİN başçısı Blinkenə Pekinin Tayvanla və digər vacib məsələlərlə bağlı mövqeyini bir daha izah edib. O, Çinin Mərkəzi Televiziyasına müsahibəsində bununla bağlı deyib: “ABŞ tərəfi Çinin daxili işlərinə qarşımamalı, hörmət göstərməli, rəqabət naminə Çinin suverenliyinə, təhlükəsizliyinə və inkişafla bağlı maraqlarına zərbə vurmamalıdır”.

ABŞ Dövlət Departamenti mətbiat xidmətinin rəhbəri Mettyu Miller isə bildirib ki, Blinken Çinin xarici işlər naziri ilə söhbərində münaqişədən qaçmaq üçün Vaşinqton və Pekin arasında əlaqə xəttinin açıq saxlanılmasının vacibliyini bəyan edib.

Miller jurnalistlərə deyib: “O, (Blinken – red.) bir sıra ikitərəfli və beynəlxalq problemlərə də toxunub və qeyd edib ki, ABŞ narahatlıq doğuran məsələləri qaldırmaq və potensial əməkdaşlıq sferalarını müzakirə etmək üçün diplomatik səylərini davam etdirəcək”. 

İyunun 7-də ABŞ-ın Çindəki səfiri Nikolas Berns bildirib ki, Vaşinqton Çinin Tayvana qarşı gücdən istifadə etməyəcəyi ilə bağlı öhdəlik götürməsinə nail olmaq istəyir. Onun sözlərinə görə, “qlobal iqtisadiyyatın taleyi” Tayvan boğazında sülhün qorunub saxlanmasından asılıdır. 

P.ƏMİRCANOV,
"Xalq qəzeti”

Dünya