Yaxın vaxtlarda Hindistandan Ermənistana Parisin köməyi və rəsmi icazəsi ilə silahların çatdırılmasına başlanılacaq. Bu barədə “Caliber” Fransadakı erməni diasporu ilə geniş əlaqələri olan insayderə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət “Nexter Systems” və Hindistan şirkətlərinin iştirakı ilə istehsalı bu ölkədə lokallaşdırılan “Caesar” özüyeriyən artilleriyasının hind analoqundan gedir.
Bildirilir ki, sifariş edilən artilleriya qurğularının sayı ilə bağlı ətraflı məlumat yoxdur. Lakin məlumdur ki, Fransanın erməni diasporu Parisin hərbi-siyasi rəhbərliyinin və şəxsən prezident Makronun birbaşa siyasi razılığı ilə maliyyələşməni öz üzərinə götürüb. Razılaşmanın icrasını gizlətmək üçün 155 mm/52 kalibrli silahların birbaşa uçuşlarla İrəvana deyil, əvvəlcə İran ərazisinə çatdırılması, daha sonra isə quru yolu ilə Ermənistana gətirilməsi planlaşdırılır.
Görünən odur ki, Fransa Ermənistana silah verilməsini davam etdirmək qərarına gəlib. Eyni zamanda, Fransa Azərbaycan-Ermənistan danışıqlarında hansısa “vasitəçi” rolunu oynamağa çalışır. Bu, qəbuledilməzdir. Azərbaycan hökuməti belə “vasitəçi”likdən tamamilə imtina edib. Fransa öz pozucu hərəkətləri ilə regionu yeni hərbi eskalasiyaya sövq edir.
Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"