NATO-nun baş katibi: Müharibədən sonra Ukraynanın təhlükəsizliyi üçün uzunmüddətli razılaşmalara ehtiyac olacaq

post-img

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Ukraynanın Avro-Atlantik ailəsi ilə gələcəyi və müharibədən sonra onun təhlükəsizliyi üçün uzunmüddətli razılaşmalara ehtiyac olacaq.

“European Pravda” xəbər verir ki, o, bu barədə Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cosep Borrelin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.

“Biz aydın şəkildə bildirməliyik ki, Ukraynanın gələcəyi Avro-Atlantik ailədədir. Müharibə başa çatdıqdan sonra biz Ukraynanın təhlükəsizliyi üçün uzunmüddətli sazişlər bağlamalıyıq, Rusiyanın Avropa təhlükəsizliyini pozmaqda davam etməməsini təmin etmək və Rusiyanın təcavüz dairəsini qırmaq lazımdır”, - deyə NATO-nun baş katibi əlavə edib.

O, eyni zamanda, NATO-nun lazım olduğu müddətə qədər Ukraynanın yanında olmağa davam edəcəyini bir daha vurğulayıb.

Xatırladaq ki, Münxen konfransı zamanı Böyük Britaniyanın Baş naziri Rişi Sunak NATO-ya üzv olmamışdan əvvəl Ukrayna üçün NATO standartının genişləndirilmiş imkanlarının yaradılması təklifini müdafiə etmişdi.

Qeyd edək ki, Böyük Britaniya may ayında İsveç və Finlandiya liderləri ilə ölkələrin NATO-ya üzvlüyünə qədər regionda təhlükələrin artması fonunda qarşılıqlı təhlükəsizlik zəmanət müqaviləsi imzalamışdı.

"Xalq qəzeti"

Dünya