Fransada pensiya islahatına qarşı çıxan deputatlar təhdid edilir

post-img

Fransızlar küçələrə axışmaqla Milli Assambleyada deputatlara təzyiq göstərməyə çalışırlar. Ölkəni ayağa qaldıran pensiya islahatına dair qanun layihəsinin müzakirələri gərgin və səs-küylü şəraitdə başlayıb.

AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasında gərgin şəraitdə keçən müzakirələr zamanı solçu deputatlar pensiya islahatları layihəsinin son dərəcə ədalətsiz olduğunu bildirib, pensiya yaşının 64-ə qaldırılmasını qəti şəkildə rədd ediblər.

Müzakirələrin gedişində deputatlar dəfələrlə qaydalara riayət etməyə çağırılıb, sessiyanın dayandırılacağı ilə bağlı hədələr səsləndirilib. Dövlət hesabları naziri Qabriel Attal hökumətin irəli sürdüyü pensiya islahatı layihəsini dəstəkləyərək, solçuları və Milli Birlik (RN) partiyasını hədəfə alıb.

Marin Lö Pen partiyasından olan deputatlara “yaxınlarından birinin xəstəxanada olmasına” dair səsli mesaj gəldiyini, onların buna görə müzakirələrə qoşulmadıqlarını bildirib, bunun təhdid olduğunu vurğulayıb. Deyib ki, belə məsələlər pensiya layihəsinə qarşı olan deputatların müzakirələrdə iştirakının qarşısını almaq cür məqsədi daşıyır.

Ümumiyyətlə, Fransada hökuməti dəstəkləyənlər əsasən sağçı partiyanın çox az sayda olan üzvləridir. Lakin sağçıların qarşısında iki seçim var: hökuməti dəstəkləmək və ya islahat əleyhinə səs verərək, Baş naziri Konstitusiyanın 49-3 maddəsinə müraciət etməyə məcbur etmək. Beləliklə, görünən odur ki, pensiya islahatının taleyi ümumi rəydən deyil, yox dərəcəsində olan azsaylı sağçı deputatlardan asılı olacaq.

Dünya