Rumıniya mətbuatı ölkə Parlamentinin Deputatlar Palatasının sədrinin Azərbaycana səfərindən yazır

post-img

Rumıniyanın nüfuzlu “Digi24”, “Cotidianul”, “Adevarul”, “CaleaEuropeana”, “Ecopolitic” və digər nəşrləri, televiziya kanalı və xəbər portalları Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri, görüşləri, müzakirələri barədə yazır.

AZƏRTAC xəbər verir ki, iki ölkə arasında strateji əlaqələrdən bəhs edən nəşrlər Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi diqqətə çatdıraraq, ölkələr arasında münasibətlərin keyfiyyətcə müsbətə doğru dəyişdiyini vurğulayıblar.

Məqalələrdə, həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın dərinləşdiyi, Azərbaycan qazının artıq Rumıniya bazarına çatdırıldığı, yaşıl enerji ilə bağlı layihənin həyata keçirildiyi qeyd olunub. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzalanmış dördtərəfli Anlaşma Memorandumunun və bu çərçivədə Azərbaycanın bərpaolunan enerji potensialı əsasında Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin əhəmiyyəti barədə məlumat verilib. Rumıniyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığının inkişafına verdiyi dəstək yüksək qiymətləndirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest









Siyasət