Kulinariya Assosiasiyası mətbuat konfransı keçirtdi

post-img

“Xanədan ” restoranında Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən mətbuat konfransı təşkil edildi.

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Milli Kulinariya Komandasının Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilmiş “Azərbaycan-Qarabağ Milli Mətbəx günləri” və “Beynəlxalq Halal Çempionatı” ilə bağlı tədbirlərdə iştirakı və burada qazandıqları uğurları  müzakirə olundu.

Azərbaycan Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov tədbir haqqında məlumat verərək bildirdi ki, Milli Kulinariya Assosiasiyasının Milli Kulinariya Komandası 16-19 may 2023-cü il tarixlərində Tatarıstanın Kazan şəhərində keçirilən Dünya Halal Çempianatında iştirak edib.

Azərbaycanın yeddi komanda üzvü qızıl medallara layiq görülüb. 

Azərbaycan, Türkiyə, İran, Özbəkistan və Əlcəzairin də iştirak etdiyi kulinariya çempionatında 13 ölkədən 15 komanda iştirak edib.

Burada “Göyərti qutabı”, “Manqal salatı”, “Dovğa”, “Tənək dolması”, “Lülə kababı”, “Tikə kabab”, “Şuşa plovu”, “İrəvan kətəsi”, “Bərdə  nanı”, “Qarabağ kətəsi”, “Şəkərbura” və “Paxlava” hazırlandı.

Burada, həmçinin “Qarabağ mətbəxinin inciləri”, “Dolmalar. 381 çeşid”, “Кухня любви” və “Кулинарная культура Азербайджана” kitabları da nümayış etdirilib, 135 ədəd kitab isə Tatarıstanın müxtəlif kitabxanalarına hədiyyə edilib. 

Çempionat Rusiya və Tatarıstan hökümətinin dəstəyi və Tatarıstandakı Azərbaycan Diasporasının rəhbəri Bəhram Talıbovla birlikdə Dünya “İslam Kulinariya Birliyi”, “Discovery Events Türkiyə Aşpazlar və Pastaçılar Konfederasiyası - TAŞPAKON” tərəfindən yüksək səviyyədə təşkil edilmişdi. 

Konfransın sonunda Azərbaycan Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanovun rəhbərliyi ilə Azərbaycan Kulinariya komandasının üzvləri medal və diplomlarla təltif olundular. 

Sonda onu da qeyd edək ki, ilk İslam Mətbəxinə aid “Halal Mətbəx Çempionatı” ilk dəfə Bakıda - 5-10 oktyabr 2009-cu ildə keçirilib. 

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”













Mədəniyyət