Hacı Qara doğrudanmı xəsis imiş?

post-img

Olduqca tamahkar və xəsis tacirdir. Mal-dövlətini artırmaq üçün hər cür çirkli əməllərə əl atır. Evdə ailəsini ac saxlayır, dolanışığına fikir vermir. Yüz manat zərərə düşəndə az qalır “qüssədən dərdəçər ola”. Xəsisdir ki, xəsis.

Söhbət Mirzə Fətəli Axundovun “Sərgüzəşti mərdi-xəsis” komediyasının baş qəhrəmanı Hacı Qaradan gedir. Doğrudanmı, Hacı Qara üçün dünyada puldan müqəddəs heç nə yoxdur, tamahkar və acgözdür? Bu barədə ağcabədililər yazıçı ilə razılaşmırlar, tamamilə başqa fikirdədirlər. Onların fikirincə, yazıçı bəzi səbəblərdən Hacı Qaranı xəsis tacir kimi təsvir edib. Rayonun tanınmış şəxslərindən olan Hacı Məhəmməd Quliyev də bu fikirdədir. Onun sözlərinə görə, Hacı Qara real tarixi şəxsiyyətdir: “Əslən, qonşu Ləmbərandandır. Dövrünün savadlı adamlarından olub, sayılıb-seçilib, həmişə hörməti gözlənilib. Hacı Qaranın geniş ticarət əlaqələri olub. O, Tiflis, İrəvan, Gəncə və bir çox şəhərlərlə ticarət edib. Alış-veriş yeri isə Ağcəbədi bazarı olub. Satışdan da əldə etdiyi qazancı əlində cəmləşdirirdi. Bu yolla böyük sərvət toplamışdı. Xeyriyyəçi kimi də tanınıb, ehtiyacı olanlara kömək edib”.

Məhəmməd Quliyev bildirir ki, Hacı Qaranın dövrünün tanınmış adamları ilə yaxın münasibətləri olub, o cümlədən Mirzə Fətəli Axundovla: “Onları Qasım bəy Zakir tanış edib. Qasım bəy Zakirin və övladlarının 1849-cu ildə həbsdən, sürgündən azad edilməsində M.F. Axundovun böyük rolu olmuşdu və bu hadisə onların arasında əlaqələri möhkəmləndirmişdi. Üç il sonra isə Mirzə Fətəli Axundov Ağcabədiyə gələndə Qasım bəy Zakirlə tez-tez görüşüb.

Qeyd edim ki, İranla Rusiya arasında sərhəd indiki kimi Araz çayı idi. Hər iki imperiya 10 fevral 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə ciddi əməl edirdi. Rusiya tərəfi sərhəddə qaçaqmalçılığın qarşısını almaq məqsədilə hərbçilər yerləşdirmişdi. Mirzə Fətəli Axundov da 1852-ci ildə qaçaqmalçılığa qarşı mübarizə ilə məşğul olan polkovnik Meyerin tərcüməçisi idi. Bu səbəbdən də bir müddət İran sərhədində olub. Ağcabədinin tanınmış şəxsləri ilə görüşüb, söhbət edib. O vaxtlardan da yazıçının Hacı Qara ilə tanışlığı başlayıb.
Hacı Qara Mirzə Fətəli Axundovu həmişə mehriban qarşılayıb, qonaqlıq verib, bəzən də maddi dəstək göstərib. Hacı Qara savadlı adam olduğundan söhbətləri də tutub. Sonradan necə olubsa münasibətləri pozulub”. 

Həmin vaxtlar Mirzə Fətəli Axundov qaçaqmalçılarla mübarizə ilə bağlı əsər üzərində işləyirmiş. O dövrün bir çox taciri kimi Hacı Qara da qaçaqmalçılıq yolu ilə gətirilən parçadan satırmış. Yazıçının əlində fakt vardı. Ona görə də əsəri Hacı Qara ilə bağlı süjetin üzərində qurub və “Sərgüzəşti mərdi-xəsis” komediyası yaranıb.

Bir gün “Sərgüzəşti mərdi-xəsis” dərc olunur və Ağcabədidə də yayılır. Mirzə Fətəli Axundovu sevməyən din xadimləri, qaçaqmalçılıqla məşğul olanlar Hacı Qaraya xəbərçilik edirlər. Aydındır ki, Hacı Qara əsərlə tanış olur və ona “yüz manat zərərim var, bu dərd şəksiz məni öldürəcək” cümləsi çox təsir edir. İkinci ona təsir edən ailəsinin ac saxlanılması ilə bağlı arvadı Tükəzin dilindən deyilən cümlələr olur: "Səni görüm boğazın elə tutulsun ki, su da ötməsin, ay göyərmiş! Uşaq aşıq yığan kimi, bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz... Öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən. Sən ölsən, heç olmazsa, arvad-uşağın doyunca çörək yeyər... Sənin evində zəhrimar da tapılmaz; olsaydı, onu da qıyıb bizə verməzdin!".

Hacı Qara əsəri oxuduqdan sonra Mirzə Fətəli Axundovdan bərk inciyir. Bundan sonra Hacı Qara yazıçının olduğu məclislərə getmir. Bu, Qasım bəy Zakirin diqqətini çəkir və qərara gəlir ki, küsülüləri barışdırsın. Buna da nail olur.

Hacı Məhəmməd Quliyev bildirir ki, Hacı Qara Qasım bəy Zakir vasitəsilə Mirzə Fətəli Axundova qonaqlıq verir. Amma incikliyini büruzə vermir, ­nökəri Kərəməliyə isə tapşırır ki, samovarı qaynadarkən kömür əvəzinə yüz manat əskinaslar atsın.
Qonaqlıqdan sonra onlar çay içmək üçün həyətə çıxırlar. Yazıçının samovar qaynadan nökər diqqətini çəkir və onun samovara kömür əvəzinə yüzlük əskinasları atdığını görür. Bir az şübhələnir. Hacı Qaraya deyir: “Nökər niyə samovara yüz manatlıq əskinasları atır?” Hacı Qara da cavabında: “Mənim üçün yüz manatlıq əskinaslar önəmli deyil, onları həmişə qazana bilərəm. Ailəmin də həmişə qayğısına qalmışam. Mən xəsis deyiləm”, – deyir. Hacı Qara ilə Mirzə Fətəli Axundov vidalaşıb ayrılırlar. Bir müddət sonra Mirzə Fətəli Axundov Tiflisə qayıdır.

Məhəmməd Quliyev söyləyir ki, Hacı Qara, sadəcə, pulunun qədrini bilən, ondan fayda götürmək istəyən, hara gəldi xərcləməyən, tədbirli, ağıllı tacir olub. Ola bilsin ki, bu deyilənlər bir rəvayətdir, amma ağcabədililər buna inanırlar. Hətta, Ağcabədi Rayon İcra Hakimiyyətinin qarşısındakı meydana alaqapıdan girişin sağ tərəfində Hacı Qaranın pulla samovarı qaynatdırdığını əks etdirən barelyefi də var. Bu, bir daha onu göstərir ki, ağcabədililər Hacı Qaranı tarixi şəxs kimi qəbul edir və qiymətləndirirlər.

P.S. “Sərgüzəşti mərdi-xəsis” bədii əsərdir, Azərbaycanın çox görkəmli dramaturqu Mirzə Fətəli Axundovun qələminin məhsuludur. Azərbaycan teatrının tarixi bu komediya ilə başlayıb və bu günə qədər də repartuardan düşmür. Hər bir bədii əsər də müəllifin yaradıcı təxəyyülünün məhsuludur. Bədii əsərin qəhrəmanları isə ümumiləşdirilmiş obrazlardır. Ona görə də Hacı Qara obrazını hər hansı bir bazar alverçisi ilə eyniləşdirmək düzgün deyil. Bu mənada ağcabədililərin böyük dramaturqdan inciməyə haqqı yoxdur.

Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Mədəniyyət