Azərbaycan Avropanın və qonşu ölkələrin enerji layihələrində etibarlı tərəfdaş kimi tanınır - ekspert

post-img

Azərbaycanın neft-qaz, enerji ixracında və Avropanın enerji təhlükəsizliyində rolu böyükdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli söyləyib.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan artıq 2000-ci illərdən Avropaya neft, 2020-ci illərdən sonra isə qaz ixrac edir: “Bu, xüsusən Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərin kəskin olduğu vaxtda baş verib. Bununla yanaşı, Azərbaycan beş ildən sonra Avropaya yaşıl enerji ixrac etmək barədə düşünür və bunun üçün Ərəbistanın, BƏƏ-nin, Böyük Britaniyanın şirkətləri ilə müqavilələr bağlayıb, alternativ mənbələr əsasında elektrik enerjisinin ölkə ərazisində istehsalı ilə bağlı razılaşmalar əldə olunub. Bu istiqamətdə cari ilin sonuna kimi 700 meqavata qədər elektrik enerjisi istehsal ediləcək”.

Onun sözlərinə görə, Azərbaycan, həmçinin yaxın illərdə Qara dənizin dibi ilə Gürcüstan üzərindən keçməklə Rumıniya və Macarıstana 3-4 qiqavat elektrik enerjisinin ixracını planlaşdırır ki, bu da Azərbaycana Avropanın enerji təhlükəsizliyində rolunu yalnız neft ixracatçısı kimi yox, həm də qaz və elektrik ixracatçısı kimi formalaşdırmağa imkan verəcək. Bu istiqamətdə Azərbaycan həm istehsalçı, həm ixracatçı ölkə rolundadır. Paralel olaraq, Azərbaycan Avropanın və qonşu ölkələrin enerji layihələrində etibarlı tərəfdaş kimi tanınır.

“Azərbaycan dünyanın enerji xəritəsində kiçik olsa da, çox əhəmiyyətli və Avropa üçün isə çox vacib tərəfdaş rolunu oynayır. Ölkəmiz bu baxımdan həm etibarlı ixracatçı, həm də gələcəkdə tranzit roluna iddia edir”,- deyə Xalid Kərimli qeyd edib.

İqtisadiyyat