Su canlı aləmin, həyatın başlanğıcı sayılır. Əbəs yerə deməyiblər ki, su olmayan yerdə həyat da yoxdur. Hazırda dünya əhalisinin hamısı bu əvəzsiz nemətdən, heç də, eyni dərəcədə istifadə edə bilmir. Təkcə onu demək kifayətdir ki, planetimizdə su ehtiyatları qeyri-bərabər paylandığından hər dörd şəhər sakinindən birinin təmiz suya çıxış imkanı məhduddur.
Alimlər qarşıdakı illərdə qlobal su böhranının daha da kəskinləşəyi ilə bağlı həyəcan təbili çalmaqda davam edirlər. Mütəxəssislərin fikrincə, qlobal iqlim dəyişikliyi, əhalinin sürətli artımı, iqtisadiyyatın davamlı inkişafı ilə əlaqədar olaraq 30-50 ildən sonra içməli su ehtiyatları xeyli tükənəcək. Elə BMT-nin bu sahədəki son araşdırmalarının nəticələri də ürəkaçan deyil. Məhz buna görə də hazırda dünya alimləri bəşəriyyəti gözləyən təhlükədən xilas etməyin yollarını axtarırlar. Bu baxımdan dəniz suyunun şirinləşdirilməsi su qıtlığının aradan qaldırılması üçün ən ideal variant hesab olunur. Belə ki, mütəxəssislər hesab edirlər ki, alternativ su mənbələrinin işlənməsi, şirin suyun əvəzinə kifayət qədər bol olan yüksək minerallı dəniz, okean, yeraltı və s. sulardan istifadə bəşəriyyətin su problemini aradan qaldırmağa kömək edəcək. Hətta dünyanın inkişaf etmiş bir sıra ölkələrində dəniz suyunun şirinləşdirilməsi metodundan uğurla istifadə edilir.
Şirin su ehtiyatlarının məhdud olduğu Azərbaycanda da bu məsələ zaman-zaman gündəmə gətirilib. Hətta bu istiqamətdə müəyyən tədqiqatlar aparılıb, bir sıra işlər görülüb, ölkənin bəzi ərazilərində əks-osmos tipli suşirinləşdirici qurğular quraşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” 2023-cü il 12 aprel tarixli sərəncamı da bu baxımdan mühüm əhəmiyyət daşıyır. Prezident sərəncamına əsasən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamının icrası, ölkənin su təhlükəsizliyi, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməsi qərara alınıb. Sərəncama əsasən pilot layihəsinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, eləcə də aidiyyəti dövlət qurumlarınabir sıra zəruri tədbirlər görülməsi tapşırılıb.
Eyni zamanda, yenicə yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq, istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsi və sudan səmərəli istifadənin təmin edilməsi üçün tələb olunan vəsaitin Dövlət İnvestisiya Proqramında nəzərə alınmasına dair təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.
Göründüyü kimi, ölkə Prezidenti İlham Əliyev əhalinin suya olan tələbatının ödənilməsini, həmişə olduğu kimi, yenə diqqət mərkəzində saxlayır. Dövlət başçısının alternativ su mənbələrinin işlənilməsi, o cümlədən dəniz suyunun şirinləşdirilməsi ilə bağlı imzaladığı sənədlər, bu sahədə qəbul olunmuş qərarlar ölkədə su qıtlığının aradan qaldırılmasına, əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsinə imkan yaradacaq.
Əmir ƏLİYEV,
Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru, professor
– Azərbaycan Respublikası Cənubi Qafqazın su ehtiyatları ilə ən az təmin olunan ölkəsidir. Belə ki, hazırda təqribən 31–32 kubkilometr səviyyəsində olan su ehtiyatlarımızın təqribən 70 faizi ölkə xaricində formalaşır. Hazırda respublikamızda bu əvəzsiz nemətə, xüsusən də içməli suya olan tələbat həddindən artıq çoxdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncamı vaxtında atılmış bir addımdır. Dövlət başçımızın imzaladığı bu mühüm sənəd ölkəmizin suya olan tələbatının ödənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, dəniz suyundan səmərəli istifadə sahəsində potensial olduqca yüksəkdir. Bu baxımdan dəniz qonşumuz olan Qazaxıstanda real işlər də görülüb. Belə ki, Xəzərin şərq hissəsində yerləşən Manqışlaqda hələ ötən əsrin 60-cı illərində dəniz suyunun duzsuzlaşdırılması məqsədilə böyük bir zavod tikilib. Bunun da hesabına ətraf ərazilərdə yaşayan bir milyon əhalinin həm içməli, həm də təsərrüfatlarda işlədilən suya olan tələbatının xeyli hissəsi ödənilir. Artıq dünya miqyasında da bu sahədə müəyyən təcrübə əldə edilib. Məsələn, Fars körfəzi ölkələrində dəniz neft platformalarında çalışan işçilərin içməli suya olan tələbatı məhz mini qurğularda şirinləşdirilmiş dəniz suyu hesabına ödənilir.
Azərbaycanın ən böyük üstünlüklərindən biri Xəzər dənizinin sahilində yerləşməsidir. Xəzər dənizinin suyu digər dəniz və okeanların suyu ilə müqayisədə xeyli duzsuzdur. Təkcə onu qeyd etmək kifayətdir ki, Xəzərdə duzluluq səviyyəsi Hind okeanına nisbətən üç dəfə azdır. Belə ki, Xəzər suyunun bir litrində 12 qram, hətta sahilə yaxın ərazilərimizdə isə 10 qram olduğu halda, digər su məkanlarında, xüsusən də Hind okeanında bu göstərici 1litr üçün 40 qrama çatır. Bu səbəbdən də Xəzər dənizinin suyunun duzsuzlaşdırılması az enerjidən istifadə etmək hesabına başa gəldiyindən daha əlverişlidir.
Bütövlükdə isə, dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı bizdə artıq müəyyən praktikika var. Məlum olduğu kimi, 2013-cü ildə Ekologiya Nazirliyi tərəfindən Salyan rayonunun Xıdırlı kəndində İsrail texnologiyası əsasında belə bir zavod yaradılıb. 20 kilometr aralıda yerləşən həmin zavoda dəniz suyunun çatdırılması üçün xüsusi kanal inşa olunub. Həmin kanalla zavoda daxil olan su burada quraşdırılmış qurğularda duzsuzlaşdırılma prosesindən keçir. Bunun da nəticəsində müəssisədə sutka ərzində təqribən 50 min kubmetrə qədər su şirinləşdirilir.
Düşünürəm ki, Xəzərin sahilində, xüsusən də Bakı və Sumqayıt şəhərlərində belə zavodların tikilib istifadəyə verilməsi suya qənaət etməyə imkan yaradacaq. Yeri gəlmişkən, Xəzər dənizinin suyu təqribən 80 min kubkilometr təşkil edir. Ona görə də müasir texnologiyaların tətbiqi ilə həmin sudan istifadə edilməklə xeyli su ehtiyatı əldə etmək mümkündür.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”