ATMU-da 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

post-img

Azərbaycan Turizm və Menecment Universitetində 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar – Azərbaycan xalqının mübarizlik salnaməsi” mövzusunda anım tədbiri keçirilib. Tədbir Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin ən faciəli, eyni zamanda, ən şərəfli səhifələrindən biri olan 20 Yanvar hadisələrinin tarixi və mənəvi əhəmiyyətinin gənc nəsillərə aşılanması məqsədi daşıyıb.

Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet totalitar rejimi tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır hərbi-siyasi cinayət barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, 20 Yanvar faciəsi xalqımızın müstəqillik əzmini sarsıtmaq məqsədilə qabaqcadan hazırlanmış ssenari əsasında həyata keçirilib. O, bu qanlı hadisələri çağdaş tariximizin həm faciə, həm də qəhrəmanlıq salnaməsi kimi dəyərləndirib. İlham Mədətov ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən lider olduğunu, həmin dövrdə keçmiş sovet rəhbərliyinin törətdiyi bu cinayətin beynəlxalq ictimaiyyətə çatdırılmasında misilsiz tarixi xidmətlər göstərdiyini xüsusi vurğulayıb. Rektor dövlət müstəqilliyimizə tuşlanan güllələrə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın fədakarlığının gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib, şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını diqqətə çatdırıb.

Universitetin professoru, “Heydər Əliyev lektoriyası”nın rəhbəri Məhərrəm Zülfüqarlı 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olmaqla yanaşı, xalqımızın azadlıq, müstəqillik və milli ləyaqət uğrunda mübarizəyə hər an hazır olduğunu bir daha sübut etdiyini bildirib. O, faciənin baş verdiyi günlərdə şahidi olduğu hadisələrdən danışaraq, həmin gecənin xalqımızın yaddaşında əbədi həkk olunduğunu vurğulayıb və şəhidlərə Allahdan rəhmət diləyib.

Sonda 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Qeyd edək ki, ATMU-nun Kitabxana-İnformasiya Mərkəzi tərəfindən faciəni əks etdirən sənədli və bədii əsərlərdən ibarət sərgi təşkil olunub, matəm gününə dair xüsusi guşə yaradılıb. 

Z.HÜSEYNOVA
XQ





Təhsil