Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) keçirilən tədbirdə rektor İlham Mədətov məzunları təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, ATMU-dan bu il bakalavr pilləsində 12 ixtisas üzrə 396 nəfər, magistr pilləsi üzrə 126 nəfər məzun olub.
Avstriya–Azərbaycan Turizm Proqramı çərçivəsində İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomuna sahibləndiklərini qeyd edən rektor, ATMU-nun bu ilki “İkili Diplom Proqramı” məzunları ilə birgə ümumilikdə 286 nəfərin iki diploma malik olduqlarını bildirib. İlham Mədətov məlumat verib ki, ölkəmizdə ilk dəfə ATMU-da gerçəkləşən istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr Azərbaycanda, eləcə də Türkiyənin nüfuzlu turizm müəssisələrində peşəkar vərdişlərə yiyələniblər.Universitet indiyədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqə qurub. Nüfuzlu “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən “THE Impact 2024” üzrə nəticələrin sıralamasında Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) iki istiqamət üzrə dünyanın ən reytinqli universitetləri arasında 801+ qrupda qərarlaşıb.
Universitet Dayanıqlı İnkişaf Məqsədlərindən “Layiqli əmək və iqtisadi artım” üzrə və həmçinin “Davamlı şəhərlər və icmalar” üzrə eyni uğurlu nəticəni qazanmaqla 801-1000 qrupunda yer tutub. ATMU-nun “Keyfiyyətli təhsil” üzrə dünyanın ən reytinqli universitetləri arasında 1001-1500 qrupunda yer aldığını deyən İ.Mədətov universitetin fəaliyyət sferasında inklüziv və bərabər keyfiyyətli təhsilin təşkili ilə yanaşı, ömür boyu təhsil imkanlarını şərtləndirən göstəricilərin diqqətdə saxlanılması tələblərinin nəzərə alındığını bildirib. Dünyanın ən reytinqli universitetlərinin dəyərləndirildiyi 17 Dayanıqlı İnkişaf Məqsədi üzrə Azərbaycanın 17 ali təhsil müəssisəsi arasında yer alması faktını ATMU-nun vitrin göstəricilərinin aynası olduğunu deyib.
Tələbələrin məzun törənində iştirakdan məmnunluğunu bildirən Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə “ali məktəbdən məzun kimi ayrılmaq hər bir gəncin həyatında önəmli, unudulmayan hadisələrdən biridir” deyib. Əmək bazarında peşəkar kadrlara hər zaman böyük ehtiyacın olduğunu qeyd edən K.Quluzadə məzunlara layiqli turizm mütəxəssisi imicinə sahiblənməyi arzulayıb.
”Məzun-2024” tədbirində Bakı Turizm Peşə məktəbinin direktoru Neylufər Kərimova, Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin AATP üzrə koordinatoru cənab Jens Peter məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər.
Məzun törənində 2023/2024-cü tədris ili məzunlarından ixtisas, fakültə və universitet birincilərinə plaketlər, ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin məzunlarına isə diplomlar təqdim olunub.
Şən mahnı və oynaq rəqslər törənə gözəl ahəng qatıb.
Z.HÜSEYNOVA
XQ