Məktəb direktoru: 85 nəfər məzunumuzdan 35-i buraxılış imtahanında 200 baldan yuxarı nəticə göstərib

post-img

Bu gün Bakı şəhəri, Nizami rayonu 10 nömrəli tam orta məktəb 85 məzununu yola salır, onlar yeni həyata qədəm qoyurlar. 89 şagirdimiz isə 1-ci sinfi başa vurur.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı şəhəri Nizami rayonu 10 nömrəli tam orta məktəbin direktoru Şəfayət Orucova söyləyib.

11-ci siniflərimizdən 35 nəfər ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə keçirilmiş qəbul imtahanının birinci mərhələsindən, yəni buraxılış imtahanından 300 ballıq şkaladan 200-dən yuxarı bal toplayaraq yüksək nəticə toplayıblar. Hazırda yekun nəticələrimizin müəyyənləşməsi üçün blok imtahanlarının bitməsini gözləyirik.

"Məzunlarımız arasında 2-ci qrup üzrə 675 bal toplayan şagirdimiz var. Lakin nəticəsi onu tam qane etmədiyindən daha yüksək nəticə üçün blok imtahanının 2-ci cəhdinə hazırlaşır", - deyə Ş.Orucova bildirib.

Cari il məzunları arasında bütün qruplar üzrə imtahan verən şagirdlərin olduğunu deyə direktor qeyd edib: "Onlardan 3-cü və 5-ci qrup ixtisaslarına hazırlaşan şagirdlərimiz sayca azdır. Əsasən, 1, 2 və 4-cü qrup üzrə hazırlaşan məzunlarımız üstünlük təşkil edirlər. Qeyd edim ki, şagirdlərimiz tez-tez respublika olimpiadalarında iştirak edirlər. Lakin şagirdlərimiz vaxtlarını daha çox qəbul imtahanlarına hazırlaşmağa sərf etdiklərindən olimpiadalara çox vaxt sərf edə bilmirlər", - deyə məktəb direktoru söyləyib.

Onun sözlərinə görə, 10 nömrəli tam orta məktəbin ötənilki ali məktəblərə qəbul göstəricisi 60 faizdən yuxarı olub.

2023-2024-cü tədris ilində məktəb Təhsildə İnkişaf və İnnovasiyalar üzrə "7-ci qrant" layihəsinin qalibi olduğunu söyləyən direktor bildirib: "Bu il həmin layihəni məktəbdə təqdim etdik. Şagirdlər böyük maraqla qarşıladılar. Layihə "Riyaziyyatın modelləşmə yolu ilə öyrənilməsi"ni əhatə edirdi. Qeyd edim ki, bu bizim qrant layihədə 2-ci qalibiyyətimizdir".

Təhsil