Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində təhsilverənlərin peşəkarlıq səviyyəsinin davamlı olaraq yüksəldilməsini təmin edən innovativ texnologiyalara əsaslanan ixtisasartırma təlimləri təşkil ediləcək. İstedadlı uşaqlar üçün liseylərin və təmayülləşmənin əhatə dairəsi genişləndiriləcək. Təhsil müəssisələrində elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) əsaslı tədrisin tətbiqi həyata keçiriləcək. Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsi icra olunacaq. Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndiriləcək, birgə proqramlar təşkil olunacaq, həmçinin ali təhsil müəssisələrində yeni məzmunlu proqramların (SABAH, ingilisdilli tibb fakültəsi, tibbi tədqiqat klinikası və s.) tətbiqi üzrə layihələr həyata keçiriləcək. İnsan kapitalının inkişaf etdirilməsi məqsədilə peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən əmək bazarının tələblərinə uyğun yeni ixtisasların tədrisi, peşə təhsilinin ayrı-ayrı səviyyələri üzrə tələbə qəbulu həyata keçiriləcəkdir. Peşə təhsili müəssisələrində ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə fəaliyyətin təşkili peşə təhsilində mövcud sənaye müəssisələrinin tələblərinə uyğun olaraq qurulacaq. Muxtar respublikada əmək bazarının tələbələrinə uyğun olaraq xidmət, turizm, informasiya texnologiyaları və digər istiqamətlərdə təlimlərin təşkili həyata keçiriləcək.
Qeyd edək ki, bu, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda əks olunub.
Proqram Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiqlənib.