Son illər Azərbaycanda “innovasiya”, “rəqəmsallaşma”, “startap ekosistemi” kimi anlayışlar həm dövlət sənədlərində, həm də ictimai diskussiyalarda geniş yer tutur. Rəqəmsal transformasiya və innovativ inkişaf artıq əsas strateji istiqamətlər kimi təqdim olunur. Şübhəsiz ki, bu yanaşma müasir dövrün tələblərinə cavab verir. Lakin əsas məsələ bu ideyaların necə və hansı əsaslarla həyata keçirilməsidir. Əgər proseslər elmi yanaşma və planlama üzərində qurulmazsa, bu anlayışların şüar səviyyəsində qalmaq ehtimalı daha da artar.
Elm və Təhsil Nazirliyi tərəfindən irəli sürülən “innovasiya şəhərciyi” təşəbbüsü də müsbət addım təsiri bağışlayır, amma bu layihə ətrafında bir sıra suallar ortaya çıxır: doğrudanmı innovasiya infrastrukturu qurulur, yoxsa sadəcə infrastrukturun özü innovasiya kimi təqdim olunur? Qlobal təcrübə göstərir ki, innovasiya binalarda deyil, universitetlərdə, tədqiqat mərkəzlərində və güclü akademik mühitdə yaranır. ABŞ-da Massaçusets Texnologiya İnstitutu və Stenford Universiteti kimi nümunələrdə əvvəl elmi tədqiqat formalaşıb, sonra texnoparklar və innovasiya zonaları meydana gəlib. Azərbaycanda isə proses əksinə qurulur: əvvəl bina tikilir, sonra isə məzmunla doldurulacağına ümid edilir.
Bu vəziyyətin kökündə uzun illər davam edən investisiya boşluğu və sistem xarakterli problemlər dayanır. Universitetlərdə elmi tədqiqat zəifdir, qrant mexanizmləri yetərincə inkişaf etməyib, akademik fəaliyyət stimullaşdırılmır. Nəticədə, innovasiya üçün zəruri olan insan kapitalı və elmi mühit formalaşmır. Belə şəraitdə qurulan hər hansı “innovasiya şəhərciyi” real ekosistem deyil, sadəcə dekorativ layihə olaraq qalır.
Mövcud yanaşma müəyyən mənada “beton iqtisadiyyatı” sindromunu xatırladır. İnvestisiyalar innovasiya proseslərinə deyil, tikinti layihələrinə yönəldilir. Bu isə iqtisadiyyatda “infrastruktur illüziyası” adlandırılan fenomenə uyğundur: fiziki obyektlər inkişaf görüntüsü yaradır, lakin real texnoloji və iqtisadi nəticə vermir.
Alternativ yanaşma kimi resursların daha rasional bölgüsü vacibdir. Büdcənin əsas hissəsi elmi tədqiqatlara, universitetlərin gücləndirilməsinə, startapların maliyyələşdirilməsinə yönəldilməli, yalnız kiçik hissəsi infrastruktur layihələrinə ayrılmalıdır. Əks halda, yüksək xərcli, lakin aşağı effektivlikli layihələrin sayı artacaq.
Tarixi təcrübə də göstərir ki, simvolik və təmtəraqlı layihələr çox vaxt gözlənilən nəticəni vermir. Bu baxımdan, “innovasiya şəhərciyi”nin də eyni aqibəti yaşaması riski realdır. Əgər məzmun yaradılmasa, forma heç vaxt inkişafın təminatına çevrilə bilməz.
Əsas problem texnologiyada deyil, idarəetmə modelindədir. Azərbaycanda innovasiya sahəsində qarşıya çıxan çətinliklərin kökündə texniki imkanların yoxluğu yox, təhsil menecerlərinin yanaşması və sistemsiz idarəetmə dayanır. Əgər universitetlər bilik istehsal etmirsə, müəllim və tədqiqatçılar stimullaşdırılmırsa, innovasiya siyasəti ardıcıl və elmi əsaslarla qurulmursa ən müasir infrastruktur belə illərlə istifadəsiz və passiv qalacaq.
Bu gün Elm və Təhsil Nazirliyinin innovasiya siyasətində bir sıra ciddi boşluqlar müşahidə olunur: milli innovasiya sisteminin formalaşmaması, universitetlərdə tədqiqatların zəifliyi, qrant və maliyyə mexanizmlərinin qeyri-effektivliyi, insan kapitalına investisiyanın aşağı səviyyəsi və rəqəmsal platforma iqtisadiyyatının inkişaf etməməsi. Bu problemlər sistem xarakteri daşıyır və onların həlli yalnız kompleks yanaşma tələb edir.
Ən böyük strateji risk isə Azərbaycanın qlobal texnoloji proseslərdən kənarda qalmaq təhlükəsidir. Dünya sürətlə platforma iqtisadiyyatına, süni intellekt əsaslı təhsilə və qlobal bilik bazarına keçid edir. Bu proseslərdə iştirak etməyən ölkələr yalnız geridə qalmır, həm də zamanla texnoloji oyundan tamamilə kənarlaşır. Texnologiyanın iqtisadiyyatla yanaşı, milli təhlükəsizlik və siyasi güc amilinə çevrildiyini nəzərə alsaq, bu risk də ciddi xarakter alır.
Çıxış yolu isə sistemli transformasiyadan keçir. İlk növbədə universitet mərkəzli innovasiya modeli qurulmalı, elmi tədqiqatlara ayrılan vəsait artırılmalı, effektiv qrant sistemi formalaşdırılmalıdır. İnsan kapitalına investisiya gücləndirilməli, alimlər və startapçılar üçün real stimullaşdırma mexanizmləri yaradılmalıdır. Eyni zamanda, rəqəmsal platformalar vasitəsilə regional əməkdaşlıq genişləndirilməli, xüsusilə türkdilli ölkələrlə birgə innovasiya layihələri həyata keçirilməlidir.
Nəticə aydındır: innovasiya bina ilə deyil, biliklə qurulur. Əgər sistem yoxdursa, ən möhtəşəm layihə belə sadəcə simvolik xarakter daşıyacaq. Mövcud iqtisadi şəraitdə isə belə simvolik layihələrə milyonlar xərcləmək səmərəli, məqbul hesab edilə bilərmi?!
İlham Əhmədov
ADPU-nin dosenti
pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti


