Qərbi Azərbaycana Qayıdışa ölkəmizdə ictimai dəstək

post-img

İcmanın Quba rayon nümayəndəliyi də hərəkata öz töhfəsini verir 

Qərbi Azərbaycan İcmasının (QAİ) Quba rayon nümayəndəliyi 5 aya yaxındır ki, fəaliyyətə başlayıb. Bu qısa müddət ərzində nümayəndəlik QAİ-nin ən fəal və təşəbbüskar qurumlarından birinə çevrilib. Ona görə çevrilə bilib ki, burada öz üzərinə düşən mühüm vəzifə və missiyanın fərqində olan vətənpərvər və səriştəli bir komanda çalışır.

Nümayəndəliyin rəhbəri Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, biologiya üzrə fəlsəfə doktoru, professor İlham Qaraqurbanlı bildirdi ki, Qərbi Azərbaycan məsələsi Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə yüksəlib. Bu uzaqgörən müdrik siyasət ölkə əhalisinin, eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisi) əsilli vətəndaşlarımızın ürəyindən xəbər verir və dərin razılıq hissilə ilə qarşılanır.  

İlham Qaraqurbanlı sonra vurğuladı ki, 2022-ci il dekabrın 24-də dövlətimizin başçısının Qərbi Azərbaycan əsilli ziyalıların bir qrupu ilə keçirdiyi görüş olduqca böyük tarixi əhəmiyyəti olan hadisədir. Bu görüşdən əxz etdiyimiz əsas qənaət budur ki, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma tarixi torpaqlarına qayıtmaq haqqı var və bu hüququ onların əlindən heç bir qüvvə ala bilməz.  

QAİ-nin Quba rayon nümayəndəliyinin əməkdaşı, vətənpərvər şair, möhtəşəm “Vətən” poemasının müəllifi Ramiz Qusarçaylı isə qeyd etdi ki, Qərbi Azərbaycan əsilli azərbaycanlıların Quba rayonuna məskunlaşması əsasən XX əsrin müxtəlif dövrlərində, xüsusilə də kütləvi deportasiya və köçürülmə hadisələri zamanı baş verib. Belə ki, 1918, 1948–1953,1988–1991-ci illərdə  on minlərlə azərbaycanlı Ermənistan ərazisindən Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Quba rayonuna köçürülüb. 

Ramiz müəlim sonra məlumat verdi ki, hazırda Quba rayonunda 4 min 228 nəfər Qərbi Azərbaycan əsilli vətəndaşımız yaşayır və rayon üzrə 101 ailə Qərbi Azərbaycan əsilli kimi qeydə alınıb. Onlar rayonun ictimai-siyasi, mədəni həyatına dərindən inteqrə olunaraq milli dövlətçilik quruculuğuna mühüm töhfə verirlər. Qərbi azərbaycanlıların hər birinin ən böyük arzusu doğma ata-baba yurdlarına qayıtmaq, orada yenidən məskunlaşaraq qurub-yaratmaqdır. 

Bu məqamda bildirmək istərdik ki, QAİ-nin Quba rayon nümayəndəliyinin səmərəli fəaliyyət göstərməsi üçün burada hər cür şərait yaradılıb. Yeri gəlmişkən, ötən il ­noyabrın 30-da  nümayəndəliyin yeni ofisinin açılış mərasimi olub. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Əlibala Məhərrəmzadə, Müşviq Məmmədli, Şahin İsmayılov, Günay Ağamalı, eləcə də respublikamızın bir sıra tanınmış elm xadimləri, Qərbi Azərbaycan İcmasının üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Quba RİH başçısı İlqar Mahmudov mərasimdəki çıxışında  bildirib ki, QAİ-nin fəaliyyəti durmadan genişlənərək artıq ölkənin bütün bölgələrini əhatə edir. Yeni ofislərin açılması Qayıdış prosesinin möhkəmlənməsinə, ictimai həmrəyliyin genişlənməsinə xidmət edir. RİH başçısının fikrincə, Qubada da belə bir ofisin fəaliyyə göstərməsi nümayəndəliyin qarşısında duran mühüm vəzifələrin uğurla yerinə yetirilməsinə şərait yaradacaq. Nümayəndəliyin ofisini ziyarət edən tanınmış alim və ziyalılar, media mənsubları buranı yaxşı düşünülmüş, mükəmməl dizayn edilmiş mədəniyyət mərkəzinə bənzədirlər. 

AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qafar Cəbiyev nümayəndəliyi araya-ərsəyə gətirənlərin əməyini yüksək qiymətləndirərək dövri mətbuatda belə yazıb: “Orada (nümayəndəlik nəzərdə tutulur – M.A.) Qərbi Azərbaycan reallaıqlarından xəbər verən nələr yoxdur?! İrəvan xanlığı, onun mahalları və digər yaşayış məntəqələrinin əyani şəkildə təqdim olunduğu xəritələr, diaqramlar və fotostendlər nələrdən xəbər vermir?!”.

Təqdirəlayiq haldır ki, ofis açıldığı andan bu günə qədər burada, demək olar ki, hər həftə, bəzən isə həftədə bir neçə dəfə bir-birindən maraqlı, yaddaqalan  tədbirlər təşkil olunur. Məsələn, ofisin fəaliyyətə başlamasından cəmi 4 gün sonra, yəni 2025-ci il dekabrın 4-də  nümayəndəlikdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri, “Vətən naminə” Şəhid Analarına Dəstək İctimai Birliyinin üzvləri və qazilərin iştirakı ilə görüş keçirilib. Görüş iştirakçıları nümayəndəliyin yeni yaradılmış ofisi ilə yaxından tanış olublar, yaxın gələcəkdə görüləcək işlər barədə məlumatlandırılıblar.

2026-cı il dekabrın 6-da isə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Qərbi Azərbaycana Qayıdış” adlı olimpiadanın qalibi, Abuzər Əliyev adına Əliməmmədoba kənd tam orta məktəbin 11-ci sinif şagirdi Aydan Rəcəbova nümayəndəliyə dəvət olunub. Görüşdə iştirak edən ziyalılar Aydan Rəcəbovanı təbrik ediblər, ona yeni uğurlar arzulayıblar. Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə olimpiada qalibinə hədiyyələr təqdim edib. Aydan Rəcəbova ona göstərilən bu diqqət və qayğıya görə təşəkkür edib. 

XX əsrdə Qərbi azərbaycanlıların doğma yurd yerlərindən zorla köçürülməsi bütün Türk dünyasının, xüsusilə də qardaş Türkiyə xalqını çox narahat edib. Onlar imkanları daxilində bu problemin beynəlxalq müstəviyə çıxarılaraq müzakirə olunmasına çalışıblar. Şair Ramiz Qusarçaylı dedi ki, bundan sonra bu sahədə fəaliyyəti birgə səylərlə daha da genişləndirməyə böyük ehtiyac var. Bu istiqamətdə gənc ədiblər, şair və media mənsubları da çox iş görə bilər. 

Təsadüfi deyil ki, 2026-cı il fevralın 27-də nümayəndəlikdə Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yaradıcı heyəti ilə görüş keçirilib. DGTYB-nin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İntiqam Yaşar başda olmaqla birliyin üzvlərindən Qarabağ müharibəsi qaziləri, şairlər Oğuz ­Arparslan və Təhməz Türkoğlu nümayəndəliyin fəaliyyəti ilə yaxından tanış olublar. 

Görüşdə iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva, Amsar kənd tam orta məktəbin direktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair Sərvinaz Şükürova, AYB-nin üzvü, Qarabağ müharibəsi qazisi, şair Ayaz Səlimxanoğlu və nümayəndəliyin əməkdaşları Qərbi Azərbaycanın tarixi torpaqları, doğma yurdlarına qayıdış hüquqları barədə hərarətli çıxışlar ediblər.

2026-cı il martın 5-də QAİ-nin Quba rayon nümayəndəliyində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyevin təqdimatında “Müasir təhsil və Qərbi Azərbaycana qayıdış konsepsiyası” mövzusunda ustad dərsi keçirilib.  Professor çıxışında Azərbaycan tarixinin müxtəlif mərhələlərinə ekskursiya edərək hadisələri Yaxın Şərq və dünya tarixi kontekstində müqayisəli şəkildə şərh edib. 

Yusif müəllim qeyd edib ki, 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra dahi siyasətçi, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrük dövlətçilik siyasəti milli ideologiyanın möhkəmlənməsində mühüm rol oynayıb. Professor, həmçinin möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə icra olunan “Böyük Qayıdış” strategiyasının milli yaddaşın və tarixi ədalətin bərpası baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. 

Maraqlı hal həm də budur ki, son vaxtlar QAİ-nin Quba rayon nümayəndəliyinin ofisi rayonun ən çox ziyarət edilən məkanlarından biridir. Qubaya təşrif buyuran qonaqların böyük bir qismi nümayəndəliyi ziyarət etməyi özlərinə mənəvi borc bilirlər. Yeri gəlmişkən, bu il martın əvvəllərində nümayəndəlikdə Ukraynada müharibə nəticəsində valideynlərini itirmiş uşaqlar qonaq olublar. 

Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə bildirdi ki, Ukraynada müharibə nəticəsində hər iki valideynini itirmiş uşaqlar Quba “Şahdağ–Truskovets” sanatoriyasında müalicə kursları keçirlər.  Əlibala müəllim vurğuladı ki, ukraynalı qonaqlar Quba Soyqırımı Memorial Kompleksini və rayonun digər tarixi və gəzməli yerlərini böyük maraqla ziyarət ediblər: “Qonaqlar hər yerdə xoş üz, mehribanlıq görüblər. Vaxt gələcək, Ukraynada müharibə bitəcək, amma ukraynalı dostlarımız Azərbaycan xalqının humanizmini unutmayacaqlar!”.

Azərbaycanın tanınmış ziyalıları, elm, incəsənət xadimləri, media mənsubları QAİ-nin Quba rayon nümayəndəliyində qonaq olur, icma üzvləri ilə görüşürlər. Bu il martın 12-də nümayəndəlikdə “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov ilə görüş keçirilib. Görüş zamanı ­Əflatun müəllim deyib ki, QAİ-nin yaradılması milli yaddaşın qorunması, tarixi həqiqətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Unutmaq olmaz ki, Qərbi Azərbaycan məsələsi yalnız keçmişlə bağlı deyil, həm də gələcəyə yönəlmiş taleyüklü bir məsələdir. Bu sahədə cəmiyyətin bütün potensialı səfərbər edilməlidir. 

Sonda bildirək ki, bu gün QAİ-nin və onun bölgələrdəki qurumlarının qarşısında duran vəzifələr adi hədəflər deyil, bunlar böyük strateji hədəflərdir. Bu yolda əzm və səbir, səriştə və fədakarlıq, ən başlıcası, hünər və təəssübkeşlik tələb olunur. Azərbaycan vətəndaşları humanist bəşəri prinsiplərdən çıxış edərək tarixi ədalətin bərpa olunması naminə əllərindən gələni etməyə hazırdırlar. Bu, ədalətli və şərəfli missiyadır! 

Məsaim ABDULLAYEV 
XQ

Bakı-Quba-Bakı

 

Sosial həyat