Baş prokuror Çində səfərdədir

post-img

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib.

Baş Prokurorluğun mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, səfər çərçivəsində Baş prokuror ilə Çinin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.

Nümayəndə heyətini salamlayan Yinq Azərbaycan və Çinin strateji tərəfdaş dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb, qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Yinq Yonq ölkəmizin nümayəndə heyətinin daha öncəki səfərlərini xatırladıb. Ev sahibi, həmçinin ölkələrimiz arasında imzalanmış Cinayət işləri üzrə qarşılıqlı hüquq yardım haqqında müqavilənin ölkələrimizin hüquq sistemləri arasında əməkdaşlığı daha dərinləşdirəcəyini qeyd edib.

Kamran Əliyev səmimi qəbula və yüksək qonaqpərvərliyə görə öz təşəkkürünü bildirərək qeyd edib ki, Çin uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini qətiyyətlə dəstəkləyib. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq həddinə çatıb. Prezident İlham Əliyevin ötən il Çinə iki dəfə səfər etməsi, tərəflər arasında keçirilən mütəmadi görüşlər və ötən ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpin tərəfindən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması bunun bariz nümunəsidir.

Bunun məntiqi davamı olaraq hər iki ölkənin prokurorluq orqanları arasında da möhkəm əməkdaşlıq əlaqələri qurulub və faydalı qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib. Belə ki, Çin Ali Xalq Prokurorluğunun geniş tərkibli nümayəndə heyəti 2024-cü ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi konfransı və İllik İclasında iştirak edib. Eyni zamanda, ötən il Azərbaycan Prokurorluğunun geniştərkibli nümayəndə heyəti Çində uzunmüddətli təlimdə olub.

Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri, prokurorluq əməkdaşlarının Çinin ali təhsil müəssisələrində təhsilə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.

Kamran Əliyev, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə həmkarını ölkəmizə səfərə dəvət edib.

Nümayəndə heyətinin səfəri davam edir, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.







Sosial həyat