Gənclərin sağlam gələcəyi üçün maarifləndirici görüş

post-img

Göygöl rayonunun Şəhriyar kənd tam orta ümumtəhsil məktəbində Rayon Polis Şöbəsi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə erkən nikah və narkomaniyanın fəsadlarına həsr olunmuş maarifləndirici görüş keçirilib.    

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şəmşir Kazımov qeyd edib ki, erkən nikah və narkomaniya gənclərin sağlam inkişafına ciddi mənfi təsir göstərən əsas problemlər sırasındadır. O vurğulayıb ki, bu halların qarşısının alınmasında ailə, məktəb və cəmiyyətin birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, erkən nikahların qarşısını almaq üçün valideynlərin maarifləndirilməsi, məktəblərdə mütəmadi təbliğat işlərinin aparılması və qanunvericiliyin tələblərinə riayət olunması vacibdir. Narkomaniyanın isə cəmiyyət üçün böyük təhlükə mənbəyi olduğu diqqətə çatdırılaraq gənclərə zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzi seçmək tövsiyə olunub. 

Digər çıxış edənlər də erkən nikahın sosial və psixoloji fəsadları, eləcə də narkomaniyanın insan sağlamlığına və cəmiyyətin inkişafına vurduğu zərərlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, bu kimi halların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin genişləndirilməsi, gənclərin asudə vaxtlarının səmərəli təşkili və valideyn nəzarətinin gücləndirilməsi mühüm rol oynayır.     

Görüş zamanı iştirakçılarla açıq müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq tövsiyələr verilib. Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.          

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri









Sosial həyat