Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) tərəfindən “Müasir dövrdə tikinti obyektlərinin layihələndirilməsinin əsas prinsipləri ” mövzusunda videokonfrans təşkil olunub.
Bu barədə XQ-yə FHN-dən məlumat verilib.
FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində baş tutan tədbirdə tikinti fəaliyyətinin subyektləri – nazirliklərin, dövlət komitə və agentliklərinin, yerli icra hakimiyyəti orqanlarının Memarlıq və tikinti şöbələrinin nümayəndələri, aparıcı layihə təşkilatlarının mütəxəssisləri, tikinti materialları istehsalçıları, Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər. Sayca ikinci dəfə təşkil olunan videokonfransa, ümumilikdə 330 mütəxəssis qatılıb.
Tədbiri giriş sözü ilə açan FHN TTNDA-nın rəis müavini Bəxtiyar Tağıyev iştirakçıları salamlayaraq bildirib ki, dərin tarixi kökləri və ənənələri olan Azərbaycanın tikinti sahəsi ölkə iqtisadiyyatının və cəmiyyətin inkişafında böyük rol oynayaraq, bu gün də əhəmiyyətli dəyişikliklər, institusional islahatlar və dövlət dəstəyi sayəsində müsbət dinamika nümayiş etdirir. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə iqtisadiyyatın digər sahələri kimi, tikinti kompleksinin də canlanmasına əvəzolunmaz töhfələr verib, ölkədə geniş tikinti potensialının yaradılmasına, tikinti-quraşdırma işlərinin keyfiyyətinin xeyli yüksəldilməsinə və icra müddətlərinin azaldılmasına nail olub. Tikinti sahəsində əldə olunan nailiyyətlərin kökündə Ümummilli Liderin konseptual yanaşması, gərgin əməyi və uzaqgörən siyasətinin dayandığını vurğulayan Bəxtiyar Tağıyev dövlət başçısı cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində ölkə ərazisində tikinti-quruculuq və abadlaşdırma işlərinin geniş vüsət aldığını və bu sahənin prioritet sahələrdən birinə çevrildiyini qeyd edib. Natiq əlavə edib ki, müasir dövrdə tikinti obyektlərinin təhlükəsizliyinin və keyfiyyətinin təmin edilməsi, qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi baxımından ekspertiza müəssisəsinin, layihəçilərin və tikinti fəaliyyətinin digər subyektlərinin üzərinə böyük vəzifələr düşür, onların özünəinam və məsuliyyət hissəsini artırır. Bəxtiyar Tağıyev, həmçinin Agentlik tərəfindən həyata keçirilən tikintiyə nəzarət tədbirləri, ekspertizası aparılmış layihə-smeta sənədlərinə bilavasitə tikinti prosesində əməl olunması, tikintidə yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları barədə məlumat və tövsiyələr verib.
Sonra FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli çıxış edərək bildirib ki, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində keçirilən bu tədbirdə yerli mütəxəssislərin bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir və müzakirəyə çıxarılan məsələlərin geniş müzakirəsi üçün imkan yaradır. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsindəki Zəfərin ardınca işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldığını diqqətə çatdıran Təyyar Hüseynli Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı tikinti obyektlərinin texniki tələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətində mühüm işlər görərək ölkənin tikinti kompleksinin inkişafına öz töhfələrini verib. Layihələndirmənin tikinti fəaliyyətinin ən vacib mərhələlərindən biri olduğunu diqqətə çatdıran Təyyar Hüseynli tikinti layihələrinin tərtibat səviyyəsinin daim yüksəldilməsi zərurətini vurğulayıb. Bildirib ki, ekspertiza müəssisəsində layihə-smeta sənədlərinə rəy verilməsinin operativliyini təmin etmək və tikinti fəaliyyətinin subyektləri ilə səmərəli qarşılıqlı əlaqənin təşkili istiqamətində innovativ yeniliklər tətbiq edilib. Ekspertiza İdarəsində baxılan tikinti layihələri barədə statistik məlumatları diqqətə çatdıran Təyyar Hüseynli tikinti obyektlərinin layihələndirilməsində optimallaşdırma işlərinin aparıldığını vurğulayıb. Natiq tikinti layihələrinin ümumi tərtibat səviyyəsinə toxunub, layihələndirmədə müsbət təcrübəni və məqbul texniki həlləri, layihə-smeta sənədlərinin tərtibatında buraxılan qüsurları və onların tikinti obyektlərinin gələcək istismarına gözlənilən mənfi təsirlərini qeyd edib.
Videokonfransda Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin şöbə müdirləri və aparıcı mütəxəssisləri layihələndirmə fəaliyyətinin hüquqi və normativ bazası, baş plan və memarlıq həlləri, konstruksiyaların hesablanmasında proqram təminatı məhsulları, yol tikintisi, enerji effektivliyi, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması, tikintidə qiymətqoyma və smeta normalaşdırılması, ekspertiza prosesində sənəd dövriyyəsi və digər əlaqəli mövzularda təqdimatlar ediblər. Həmçinin, ölkənin tikinti sektorunun inkişaf templərini və Ekspertiza İdarəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb, təkliflər səsləndirilib.
Sonda videokonfrans iştirakçılarına 10 Aprel – İnşaatçılar Günü ilə əlaqədar təbrik ünvanlanıb.






