Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin bir qrup üzvü Borçalının Bolnisi bölgəsindəki Mədəniyyət və İstirahət parkında 9 Aprel şəhidlərinin memorialını ziyarət edərək abidə önünə tər güllər qoyublar. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin icraçı direktoru Rezo Həsənov çıxış edərək bildirib ki, bu gün vətənimiz üçün həm hüzn, həm də qürur günüdür. Belə ki, 1989-cu ilin 9 aprelində Tbilisinin Rustaveli prospektində keçirilən dinc etiraz aksiyası zamanı sovet ordusu tərəfindən silahsız insanlara qarşı amansız qətliam törədilib. Nəticədə 21 nəfər həyatını itirib ki, onlardan 17-si qadın olub. Həlak olanlar arasında məktəb şagirdləri də olub. Həmin gün yüzlərlə insan tərkibi naməlum olan zəhərli qazlardan zərər çəkib və bir çoxu ömürlük sağlamlıq problemləri ilə üzləşib.
O, çıxışında vurğulayıb ki, faciədən cəmi iki il sonra – 1991-ci ilin 9 aprelində Gürcüstanın Ali Şurası ölkənin müstəqilliyinin bərpasını elan etdi. Bu tarix təsadüfi seçilməmişdi. 1989-cu ildə tökülən qan hədər getmədi və xalqın azadlıq uğrunda mübarizəsi qələbə ilə nəticələndi. Bu gün Gürcüstanın müstəqilliyini bərpa etdiyi gün kimi böyük fəxr və qürurla qeyd olunur.
Tədbirdə çıxış edən digər ziyalılar Xasməmməd Cəfərli və Natəvan Mehdiyeva da gənclərə müraciət edərək bildiriblər ki, 9 Aprel hadisələri xalqın azadlıq uğrunda apardığı mübarizənin ən ağrılı, eyni zamanda, şərəfli səhifələrindən biridir. Bu tarixi hadisələri unutmamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur. Eyni zamanda, vurğulanıb ki, şəhidlərin xatirəsinə ehtiram göstərmək və onların uğrunda canlarını fəda etdikləri dəyərləri qorumaq gənclərin əsas vəzifələrindən biri olmalıdır.
P.ƏMİRCANOV
XQ



