“YAŞAT” Fondu Naxçıvanda növbəti qış düşərgəsini təşkil edib

post-img

“YAŞAT” Fondunun təşkilatçılığı ilə Naxçıvanda şəhid övladları üçün növbəti qış düşərgəsi təşkil olunub.

Layihə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)  ilə birgə tərəfdaşlıq çərçivəsində, həmçinin “Azərbaycan Hava Yolları" QSC-nin və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə baş tutub.

36 iştirakçını əhatə edən düşərgənin məqsədi uşaqlar üçün qış mövsümünə uyğun olan qış idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaqdır.

Düşərgənin ilk günündə iştirakçılar Duzdağ Müalicə Mərkəzinə ekskursiya ediblər. Həmçinin AHİK tərəfindən görülən işlərə həsr olunmuş filmin nümayişi baş tutub.

Sonrakı günlərdə iştirakçılar Ağbulaq İstirahət Mərkəzində xizək təlimlərində, kirşə sürüşlərində və digər oyunlarda əyləncəli vaxt keçiriblər.

Düşərgə çərçivəsində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla çay süfrəsi ətrafında söhbət ediblər. 

Qeyd edək ki, fond tərəfindən davamlı olaraq şəhid övladları üçün ölkə daxilində və xaricində düşərgələr, təlim kursları və digər tədbirlər təşkil olunur.

Səbuhi HƏSƏNOV
XQ









Sosial həyat