2025-ci il ərzində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, onların fəaliyyətində qanunçuluq prinsipinin təmin edilməsi və metodoloji yardımın göstərilməsi istiqamətində məqsədyönlü işlər aparılıb.
İl ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 81 711 bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4 132 müraciətə baxılıb.
Qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi məqsədilə müraciətlər və daxil olan aktlar üzrə ümumilikdə 1 698 təklif verilib, nəticədə 1 647 bələdiyyə aktı dəyişdirilib və ya ləğv edilib.
Bununla yanaşı, bələdiyyə aktları və müraciətlərə baxılması zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 6 074 tövsiyə göndərilib.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən bələdiyyələrin vəzifəli şəxsləri barəsində 50 inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəmələrə təqdim olunub.
Həmçinin il ərzində aparılmış və bələdiyyələrin müxtəlif dövrlərdəki fəaliyyətini əhatə edən araşdırmalar nəticəsində 62 halda toplanmış sənəd hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib.
Bələdiyyələrlə iş baş idarəsi tərəfindən bələdiyyə institutunun inkişafı və yerli özünüidarəetmə orqanlarının hüquqi biliklərinin artırılması məqsədilə 273 maarifləndirmə tədbiri təşkil olunub, bu tədbirlərdə 7 mindən çox bələdiyyə nümayəndəsi iştirak edib.
Bələdiyyələrin birləşməsi nəticəsində 2025-ci ildə yenidən formalaşması nəzərə alınaraq, baş idarənin metodoloji dəstəyi ilə yeni yaradılmış bütün bələdiyyələrin nizamnamələrinin bələdiyyə iclaslarında təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi təmin olunub.

