Söhbət inşaat sektorunda keyfiyyətə nəzarətdən gedir
Paytaxtın Yasamal rayonu ərazisində, metronun “20 Yanvar” stansiyasının yaxınlığında inşa olunan yaşayış binasının dayaq sütununun uçması tikinti sektorunda keyfiyyət və dayanıqlıq məsələlərini yenidən gündəmə gətirib. Hadisə bir tərəfdən yeni tikililərin təhlükəsizlik səviyyəsi ilə bağlı suallar doğurur, digər tərəfdən isə son illərdə tətbiq olunan sərt standartlar və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarət mexanizmlərinin səmərəliyi barədə müzakirələri aktuallaşdırır.
Zor binanın dirəyində...
Bu yerdə Xalq şairi Osman Sarıvəllinin məşhur şeirinin 1 bəndi yada düşür:
Söz şairin ürəyində,
Zor binanın dirəyində,
Güc pələngin biləyində,
Pəhləvanın dizindədir.
Mütəxəssislərin fikrincə, yeni tikililərin əksəriyyəti 8-9 bal gücündə zəlzələlərə hesablanır. Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyindən keçmiş binalar təhlükəsiz hesab olunur və layihələndirmə prosesində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiqlədiyi normalara ciddi əməl edilir. Bununla yanaşı, bəzi ekspertlər tərəfindən tikinti bumunun intensiv olduğu dövrlərdə ucaldılan binalarda keyfiyyət problemlərinə rast gəlinməsi, həmçinin sakinlərin icazəsiz müdaxilələrinin konstruktiv dayanıqlığı zəiflətməsi xüsusi risk amili kimi qiymətləndirilir. Ümumilikdə isə müasir tikililərin, xüsusilə monolit beton konstruksiyalı binaların köhnə, o cümlədən sovet dövrü tikililəri ilə müqayisədə daha davamlı olduğu vurğulanır.
Qeyd edilməlidir ki, sovet dövründə inşa olunan bir çox yaşayış binasının istismar müddəti artıq başa çatıb. Müəyyən bərkitmə işlərinin aparılmasına baxmayaraq, ötən əsrin ortalarında tikilən və müasir standartlara cavab verməyən belə binaların əksəriyyəti fiziki və texniki baxımdan köhnəlib. Bu tikililərin tez bir zamanda sıradan çıxmasının əsas səbəblərindən biri uzun dövr ərzində düzgün istismarının və texniki xidmətin gerçəkləşdirilməməsi olub. Məhz son illərdə o binaların mərhələli şəkildə sökülərək yerində yeni yaşayış komplekslərinin inşası məhz həmin səbəblə bağlı olub.
Əmlak və inşaat məsələləri üzrə ekspert Adil Qasımov bildirir ki, sovet dövründə tikilən binaların əksəriyyəti artıq istismara yararlı deyil və bu cür tikililərdə yaşamaq təhlükə yaradır. Xüsusilə 1960-cı illərdə inşa edilən, istismar müddəti 40 il üçün nəzərdə tutulan “Xruşşovka” tipli binalar, eləcə də 1970-ci illərdə reallaşdırılan beton özüllü layihələr vaxtında əsaslı təmir olunmadığından risk qrupuna daxildir.
Ekspertin sözlərinə görə, 2000-ci ildən sonra inşa olunan yeni çoxmənzilli binalar mütəmadi monitorinqdən keçirilir və onların keyfiyyəti ilə bağlı müzakirələr aparılır. Bu tikililər arasında müəyyən qüsurlara rast gəlinsə də, əksəriyyətinin, xüsusilə monolit beton binaların yüksək keyfiyyət göstəricilərinə malik olduğu qeyd edilir. Bununla yanaşı, bir sıra hallarda istismar qaydalarının pozulması və binaların saxlanılması ilə bağlı məsuliyyətin sahə mülkiyyətçilərinin üzərinə düşməsi dövlət nəzarətinin təsir imkanlarını zəiflədir. Nəticədə, mənzil-tikinti kooperativləri tərəfindən mühəndis qurğularının yenilənməsi, fasadların təmiri və texniki xidmət məsələləri çox vaxt lazımi səviyyədə həyata keçirilmir, bəzi hallarda isə mövcud standartlara laqeyd yanaşılır.
Adil Qasımov bildirir ki, inşaat şirkətləri istismardan sonra da bina ilə bağlı müəyyən məsuliyyət daşısalar, tikililərin ömrü əhəmiyyətli dərəcədə uzana bilər. Onun fikrincə, 2000-ci ildən sonra inşa olunan binalarda ciddi konstruktiv qüsurlar yoxdur, xüsusilə 2007-ci ildən indiyədək istismara verilmiş belə yaşayış sahələri texniki baxımdan kifayət qədər dayanıqlıdır. Bununla belə, zaman keçdikcə həmin tikililərin xarici suvaq qatlarının qopub tökülməsi kimi problemlər də ortaya çıxır və bu, texniki xidmətin davamlı aparılması zəruriliyini göstərir. Ekspert vurğulayır ki, binaların aşınma səviyyəsinə uyğun olaraq mütəmadi bərpa işləri aparılmalı və bu prosesdə tikinti şirkətləri də məsuliyyət daşımalıdır.
Mütəxəssislər qeyd edirlər ki, Azərbaycanın ərazisinin böyük hissəsi 8 ballıq, 20 faizdən bir qədər artıq hissəsi isə 9 ballıq seysmik zonada yerləşir. Bu isə investorlar, layihəçilər və inşaatçılar üçün yüksək məsuliyyət deməkdir. Buna görə də təbii fəlakətlərdən tam sığortalanmaq mümkün olmasa da, respublikada risklərin minimuma endirilməsi üçün normativ və institusional mexanizmlər davamlı olaraq təkmilləşdirilir.
Bildirilir ki, müstəqillik dövründə qəbul edilən “Seysmik rayonlarda dövlət tikinti normaları” sovet dövrü prinsipləri ilə müqayisədə layihəçilər və inşaatçılar qarşısında 30 faizdən artıq daha sərt tələblər müəyyənləşdirib. Bakı şəhərində tikinti bumunun başladığı 1990-cı illərin sonlarında ucaldılan binaların 2000-ci ilin 25 noyabr tarixində baş verən zəlzələ zamanı zərər görməməsi də bunun bariz ifadəsi kimi dəyərləndirilib. Bu fakt mövcud tikinti normalarının səmərəliyini göstərir və hazırda daha sərt qaydalara uyğun tikilən binaların daha dayanıqlı olduğunu deməyə əsas verir.
2013-cü ildə qəbul edilən “Şəhərsalma və tikinti Məcəlləsi” isə tikinti sahəsində nəzarət mexanizmlərini köklü şəkildə dəyişib. Hazırda layihələndirmə, tikintiyə icazə və tikinti prosesinə nəzarət mərhələləri kompleks normativ-hüquqi çərçivə əsasında həyata keçirilir ki, bu da əvvəlki dövrlə müqayisədə daha sərt və sistemlidir. Son illərdə tikinti keyfiyyətinin yüksək səviyyəyə yüksəlməsi ilə bərabər, əsas risk mənbəyinin sonradan sakinlər tərəfindən icazəsiz aparılan dəyişikliklərlə bağlı olmasıdır. Panel binalarda daşıyıcı konstruksiyaların sökülməsi, zirzəmilərdə bünövrəyə müdaxilələr və planlaşdırma dəyişiklikləri də zəlzələyə davamlılıq baxımından ciddi təhlükə yaradır. Bu səbəbdən qanunvericiliyin tətbiqi və nəzarət mexanizmlərinin sərtləşdirilməsi zəruri hesab olunur.
Bina 100 il yaşamasa…
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiqlədiyi “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”na əsasən, yüksək məsuliyyət səviyyəsinə aid binaların istismar müddəti minimum 100 il müəyyən edilir. Layihələndirmə prosesində geotexniki monitorinq, konstruktiv və fasad sistemlərinin vəziyyətinin izlənilməsi, materialların sınaqları və digər elmi-metodik tədbirlər nəzərdə tutulur. Yeni normalarda layihə sənədlərinə binanın texniki pasportu, mühəndis sistemlərinin əsas xüsusiyyətləri, müdaxilə olunması qadağan edilən konstruktiv elementlər, yanğın təhlükəsizliyi və təxliyyə planlarının salınmasına xüsusi önəm verilir. Bundan əlavə, tikinti materiallarının uyğunluq sertifikatına malik olması və yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi əsas şərtlərdən biri kimi diqqətdə saxlanılır.
Normativ tələblərin tətbiqi binaların keyfiyyət göstəricilərinin yüksəldilməsinə, şəhərsalma planlaşdırmasının daha sistemli həyata keçirilməsinə və infrastrukturun inkişafına yönəlib. Ekspertlər tərəfindən bu yanaşma uzunmüddətli perspektivdə tikinti sektorunda risklərin azalması və yaşayış fondunun dayanıqlığının artırılması kimi dəyərləndirilib.
Bu məqamda bir məsələni də xatırlatmaq yerinə düşərdi. Hazırda mövcud sistemdə tikinti təhlükəsizliyi ilə bağlı məsuliyyət bir neçə subyekt – layihəçilər, podratçılar, dövlət qurumları, mənzil-tikinti kooperativləri və mülkiyyətçilər arasında bölüşdürülüb. Lakin bu məsuliyyətin parçalanması bəzi hallarda real nəzarətin zəifləməsinə gətirib çıxarıb. Xüsusilə istismar mərhələsində dövlət nəzarətinin məhdudluğu diqqət çəkib. Çoxmənzilli binaların idarə olunmasının sahə mülkiyyətçilərinin ixtiyarında olması isə texniki xidmətin keyfiyyətini bəzən təsadüfi və qeyri-sistemli hala gətirib. Bu isə binaların uzunmüddətli dayanıqlığını risk altına alıb.
Yeri gəlmişkən, mövzu ilə bağlı inkişaf etmiş ölkələrin təcrübəsinə də diqqət yetirmək istərdik. Belə ki, bu dövlətlərdə tikinti təhlükəsizliyi təkcə normativlərlə deyil, həm də institusional mexanizmlərlə gerçəkləşdirilir. Məsələn, Yaponiya və Cənubi Koreya kimi seysmik fəallığı ilə fərqlənən ölkələrdə binalar layihələndirmə mərhələsində, eləcə də istismar dövründə mütəmadi olaraq dövlət tərəfindən audit edilir.
Avropa İttifaqı ölkələrində yüksək mərtəbəli binalar üçün “ömür boyu monitorinq” sistemi tətbiq olunur. ABŞ-da isə tikinti şirkətləri binanın istismarından sonra müəyyən müddət ərzində konstruktiv təhlükəsizlik üzrə hüquqi məsuliyyət daşıyır. Bu təcrübə göstərir ki, tikinti təhlükəsizliyi təkcə texniki standartlar deyil, həm də hüquqi və iqtisadi stimullar vasitəsilə təmin edilməlidir.
Qeyd edilən çətinliklərin aradan qaldırılması üçün, ilk növbədə, inşaat sektorunda təhlükəsizliyin artırılması üçün normativ yanaşma ilə yanaşı, yeni institusional mexanizmlərə də ehtiyac var. Belə ki, tikinti şirkətlərinin binanın istismarından sonra minimum 10-20 il ərzində konstruktiv təhlükəsizlik üzrə məsuliyyət daşıması hüquqi mexanizm kimi təsbit edilməlidir. Yüksək mərtəbəli binalar üçün müstəqil texniki audit mexanizmi yaradılmalı və audit nəticələri açıq informasiya kimi ictimaiyyətə təqdim edilməlidir. Bütün bunlarla yanaşı, daşıyıcı konstruksiyalara müdaxilə halları üzrə cərimələr və hüquqi sanksiyalar artırılmalı, bu sahədə real icra mexanizmləri gücləndirilməlidir.
Çoxmənzilli binalarda təhlükəzliyin artırılması məqsədilə köhnə yaşayış fondunun yenilənməsi üzrə milli proqramın hazırlanmasına da zəruri ehtiyac duyulur. Başqa sözlə, sovet dövrü tikililərinin mərhələli sökülməsi və yenilənməsi üçün uzunmüddətli Dövlət Proqramı hazırlanmalı, bu proses sosial siyasətlə uzlaşdırılmalıdır. Eyni zamanda, tikinti keyfiyyətinin iqtisadi stimullaşdırılması, yüksək keyfiyyət standartlarına cavab verən layihələr üçün vergi və maliyyə stimullarının tətbiq edilməsi diqqətdə saxlanılmalı, tikinti prosesinin bütün mərhələlərini əhatə edən vahid rəqəmsal monitorinq sistemi yaradılmalı, layihə sənədləri, ekspertiza rəyləri və texniki audit nəticələri bu platformada inteqrasiya olunmalıdır.
Beləliklə, Yasamalda baş verən hadisə göstərir ki, tikinti təhlükəsizliyi mühəndislik problemi olmaqla bərabər, eyni zamanda, sosial, iqtisadi və institusional ölçülərə malik kompleks məsələdir. Məhz buna görə də şəhərsalma siyasətinin səmərəliyi, dövlət nəzarətinin gücü və bazar iştirakçılarının məsuliyyəti arasında balansın reallaşdırılması, normativlərin mövcudluğu real təhlükəsizliyin təminatı üçün prioritet istiqamətdir. Bu baxımdan, tikinti sektorunda keyfiyyət məsələsinə texniki standartlar prizmasından baxılması, eləcə də strateji dövlət siyasəti kontekstindən yanaşılması zəruridir. Çünki dayanıqlı şəhər mühiti möhkəm binalarla bərabər, eyni zamanda, səmərəli fəaliyyət göstərən institutlar və məsuliyyətli bazar modeli üzərində qurulur.
... Əvvəldə xatırlatdığımız şeirin son misraları belədir:
Hər kəs yüz il yaşamasa
Günah onun özündədir.
Bəs 100 il yaşamayan binanın günahı kimdədir? İndiki halda söhbət binanın 100 il yaşamasından deyil, tikilə-tikilə uçmasından gedir.
Ramil OSMANLI,
əmlak eksperti
Əvvəlki dövrdə inşa olunan binaların, xüsusilə də sovet dövründən qalmış köhnə tikililərin bir çoxunun istismar müddəti artıq başa çatıb. Onlarda müəyyən bərkitmə, yenidənqurma işlərinin aparılmasına baxmayaraq faktiki olaraq istismar müddəti başa çatıb.
Amma 2000-ci ildən bəri inşa olunmuş yeni tikililərlə bağlı isə müəyyən vaxtlarda monitorinqlər həyata keçirilir, keyfiyyəti, dayanıqlılığı yoxlanılır. Həmin binaların içində keyfiyyətsiz olanlar da var. Amma əksəriyyəti, xüsusilə monolit beton binalar keyfiyyətlidir. Sadəcə istismar qaydalarının, binaların saxlanılması ilə bağlı işlərin qaydasında olmadığı, standartlara cavab vermədiyi narahatlıq yaradır.
Tikinti sektorunda keyfiyyət problemi yalnız texniki məsələ deyil, bu, həm də iqtisadi riskdir. Keyfiyyətsiz tikililər uzunmüddətli perspektivdə dövlət büdcəsinə əlavə yük yaradır. Binaların vaxtından əvvəl köhnəlməsi, təmir və bərpa xərclərinin artması, fövqəladə hallar zamanı potensial zərərlər və kompensasiya öhdəlikləri dövlətin fiskal dayanıqlığı üçün risk amilinə çevrilə bilər.
Eyni zamanda, tikinti keyfiyyəti daşınmaz əmlak bazarının etibarlığı ilə birbaşa bağlıdır. Başqa sözlə, əgər bazarda tikililərin təhlükəsizliyi ilə bağlı şübhələr artarsa, bu, mənzil qiymətlərinə, investisiya axınlarına və ipoteka bazarına mənfi təsir göstərə bilər. Bütün bunlara görə də tikinti təhlükəsizliyi yalnız urbanistik deyil, makroiqtisadi sabitlik məsələsi kimi də qiymətləndirilməlidir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi kollegiyasının ötən il təsdiqlədiyi “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nın tətbiqi isə çoxmənzilli binalarda keyfiyyət göstəricilərinin daha da artırılması, eyni zamanda, tikilən binaların ərazi planlaşması zamanı qeyd olunan tələblərə əməl olunması, yaşıllıq zonalarının salınması, ərazi üzrə müvafiq infrastrukturun yaradılması çoxmənzilli binaların təhlükəsizliyinə qısa müddətdə müsbət təsir göstərib.
Vaqif BAYRAMOV
XQ


