Sumqayıtda hesabat yığıncağı keçirilib

post-img

Sumqayıt şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Kimyaçı” mədəniyyət sarayında keçirilən hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Milli Məclisin deputatları, YAP şəhər təşkilatının sədri Ramiz Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və qazilər, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağında Sumqayıtın sosial-iqtisadi inkişafına həsr olunan sənədli film nümayiş etdirilib. Sonra şəhər icra hakimiyyətinin başçısının 1-ci müavini Teymur Səmədov hesabat məruzəsində bildirib ki, ölkəmizin hər yerində olduğu kimi Sumqayıt şəhərində də böyük abadlıq-quruculuq işləri həyata keçirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda yeni sənaye komplekslərinin formalaşdırılması xüsusi diqqət mərkəzində saxlanılıb və bu məqsədə nail olunub. Sumqayıt sürətlə inkişaf edərək  Qafqazın 2-ci böyük sənaye mərkəzinə çevrilib. Hazırda şəhərdə onlarla müasir kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materiallarının istehsalı müəssisələri fəaliyyət göstərir.   Elə bir neçə gün əvvəl Prezident İlham Əliyev 35-ci dəfə Sumqayıta səfər edib və yeni müəssisələrin təməlqoyma və açılışlarında iştirak edib. Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan çox olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan artıq 28-i fəaliyyət göstərir. Sumqayıt sənaye şəhəri kimi şöhrətini artırmaqla  bərabər, respublikada gedən inkişaf prosesinə layiqli töhfələrini verir.  

Vurğulanıb ki, cari ildə şəhərin sosial-iqtisadi inkişafı daha da sürətləndirilməli, yeni istehsal sahələri yaradılmalı, iş yerləri açılmalı, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması, əhalinin kommunal xidmətlərinə olan tələbatının ödənilməsi, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və baş plana uyğun olaraq, ötən əsrin 40-50-ci illərində tikilmiş məhəllələrdə istismar müddəti başa çatmış yaşayış binalarının və qəzalı  yataqxanaların  sökülməsi, orada yaşayan sakinlərin yeni təmirli mənzil sahəsi ilə təmin olunması nəzərdə tutulur.  

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıxış edərək 2025-ci ildə ölkəmizdə bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunduğunu, genişmiqyaslı quruculuq işlərinin aparıldığını, sosial-iqtisadi inkişafın və əhalinin sosial rifahının yüksəldiyini vurğulayıb. 

Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib, müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.

Əli NƏCƏFXANLI

XQ

 

 

Sosial həyat