Yanvar ayının 26-dan etibarən Milli Kitabxanada region kitabxanalarının əməkdaşları üçün Koha AKİS üzrə onlayn təlimlərə start verilib.
XQ xəbər verir ki, təlimlərdə Abşeron-Xızı, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Mərkəzi Aran, Qazax-Tovuz, Gəncə-Daşkəsən, Şərqi Zəngəzur, Qarabağ, Mil-Muğan, Şirvan-Salyan və Lənkəran-Astara Regional Mədəniyyət İdarələrinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin (MKS) əməkdaşları iştirak edirlər. Təlim proqramının 30 yanvar tarixində yekunlaşması nəzərdə tutulur.
Proqram çərçivəsində iştirakçılara Koha kitabxana avtomatlaşdırma sisteminin yenilənmiş modulları üzrə ətraflı nəzəri məlumatlar təqdim olunur. Eyni zamanda ekran paylaşımı vasitəsilə real iş prosesinə uyğun praktiki əməliyyatlar nümayiş etdirilir. Təlimlər zamanı mütəxəssislərin gündəlik iş proseslərində qarşılaşdıqları aktual məsələlər müzakirə olunur, verilən suallar cavablandırılır və mövcud problemlərin həlli istiqamətində müvafiq izahlar verilir.

