Azərbaycan humanitar elmi və azərbaycanşünaslıq: konseptual kontekst

post-img

III MƏQALƏ

Epistemologiya: sadə izah

Bu termin latıncadan tərcümədə “elmi bilik”, “elm”, “həqiqi bilik” və “təlim” sözlərinin mənaca sintezini ifafə edir. Yəni epistemologiya sadə dillə, biliyin yaranması, quruluşu, strukturu, funksiyası və inkişafı haqqında xüsusi təlimdir (nəzəri konstruktdur). O həm də metodoloji funksiya, yəni biliyi əldə etməyin elmi xüsusiyyətlərinin yaradılması, təşkili və tətbiqi özəlliklərini ifadə edir. Buna paralel olaraq “qnoseologiya” (idrak nəzəriyyəsi) termini də işlədilir.

Qərb fəlsəfəsində adətən epistemologiya və qnoseologiya eyniləşdirilir. Lakin epistemologiya ilə idrak nəzəriyyəsini fərqləndirən yanaşmalar da vardır. Bu zaman qnoseologiyanın əsas olaraq subyekt-obyekt münasibətlərini, epistemologiyanın isə “obyekt-bilik” münasibətlərini öyrəndiyini vurğulayırlar.

Bütün hallarda epistemologiya və idrak nəzəriyyəsi fəlsəfi-elmi səviyyədə biliyin alınması, nəzəriyyələrin yaranması, biliklərin münasibətləri və onların “həqiqət” anlayışı vasitəsi ilə bizim “dünya” adlandırdığımız və əsasən “bizdən asılı olmadan mövcud olduğunu” düşündüyümüz məfhuma münasibətini öyrənir. Burada adi şüurun standart anlayış hesab etdiyi “öyrənir”, “ifadə edir” kimi ifadələr də fərqli fəlsəfi yanaşmalar prizmasında müxtəlif anlamlara malikdirlər ki, bu da onlar haqqında birmənalı danışmağı da nisbi edir.

Hətta J.Delyoz Platon və Aristoteli, ümumiyyətlə, “anlayış”ın izahı məsələsində böyük yanlışlıqlara yol verməkdə kəskin tənqid edirdi. Yəni bu məsələ bir sıra hallarda təqdim edildiyi kimi sadə deyildir. Bu tezisin, xüsusilə, bizim Azərbaycan elmi humanitariyasının adekvat antropoloji universallaşmasının epistemoloji əsaslandırılmasına birbaşa aidiyyatı vardır.

Lakin bizim üçün əsas olanı detallı nəzəri və metodoloji incə fərqliliklər deyil, ümumi halda epistemologiyanın biliyin təbiəti, mənbəyi, strukturu, əsaslandırılması, alınması, yeniləşməsi, yeni mənaların yaranmasının idrakı (koqnitiv) özəllikləri, nəzəri-konseptual və məntiqi bazası, tətbiqi xüsusiyyətləri, biliyin hüdudları, həqiqiliyinin müəyyən edilməsi ilə bağlı fəlsəfi konsepsiya olmasıdır. Yəni əsas sual belədir: hansı fəlsəfi-epistemoloji yanaşma çərçivəsində Azərbaycan humanitar elmini adekvat şəkildə azərbaycanşünaslıq kontekstində antropoloji universallıq kimi konseptuallaşdırmaq mümkündür?

Yeni epistemologiya: ümumi koqnitiv cizgiləri

Azərbaycanın baş elmi təşkilatının yeniləşmə kursu çərçivəsində formalaşma mərhələsinə qədəm qoyan azərbaycanşünaslığın “AMEA məktəbi” daxilində üzərində işlədiyimiz və şərti olaraq “yeni epistemologiya” (bu, ilkin və mücərrəd addır, çünki artıq onu Yuk Hui öz anlamında işlətmişdir və bizim ona alternativ olmaq niyyətimiz yoxdur) adlandırdığımız tədqiqatın ümumi cizgilərini qəzet formatının imkanları hüdudlarında izah etməyə çalışaq. Azərbaycanşünaslıq kontekstində onu “Azərbaycanşünaslıq epistemologiyası” adlandırmaq olar. Ona görə, “yeni epistemologiya” hansısa fərqli idrak nəzəriyyəsinin hazır sisteminin semantik ifadəsi deyil, yanaşmamızın ümumi halda təqdimatı üçün işlədilən termindir. Bir məqamı da vurğulayaq.

Biz M.Fuko, J.Delyoz və F.Qvattari mənasında, lakin iki idrakı və praqmatik məhdudlaşdırıcı şərtlər daxilində “epistema” anlayışından istifadə edirik.

Birincisi, burada söhbət M.Fukonun nəzərdə tutduğu bütövlükdə tarixi epoxa miqyasında epistema olmaq iddiasından getmir. Bizim üçün əsas olanı Azərbaycan və bütövlükdə türk dünyası miqyasında işləyə biləcək epistemoloji sistem yaratmaqdır.

İkincisi, J.Delyoz və F.Qvattarinin epistemasında “rizoma” (vahid idrakı mərkəzi olmayan qeyri-xətti koqnitiv dərketməni ifadə edən metafora) daha ümumi anlam ehtiva edir. Bizim üçün “yeni epistemologiya” sistem kimi konkret nəzəri-konseptual hüdudlara və məntiqi struktura malikdir, lakin funksional olaraq “rizomatik”dir (bu mücərrəd fəlsəfi tezisi burada izah etmək imkanı yoxdur). Ümumi onu qeyd edək ki, epistemoloji sistemin funksionallığında “rizomatiklik” başlıca olaraq bifurkasiyalılığı (“bifurkasiya” burada konkret elmi süjetdə məzmun və məntiqi ikiləşmənin, “haçalanmanın” ideya obrazıdır) və qeyri-xəttiliyi ifadə edir.

Yanaşmanın fəlsəfəsi

İlk addım psixoloji artefaktların yaranmasının izahı ilə bağlıdır. Onun nəzəri əsası kimi “fəaliyyət nəzəriyyəsi” götürülür (S.L.Rubinşteyn, A.N.Leontyev, L.S.Vıqotskiy, L.Qrehem, Y.Engeström). Bu psixoloji nəzəriyyəyə görə, artefaktlar daxili idraki faktorlarla sosial fəaliyyətin sintezində formalaşırlar. Bundan başqa, fəaliyyət məqsədə çatmağa istiqamətlənmiş davranışlar sistemidir. Ancaq psixoloji artefakt tam dayanıqlı məna ala bilməyən və bu anlamda qeyri-müəyyən olan vahiddir. Bunlara görə, artefaktlar müxtəlif anlamlarda izah edilirlər. Bu keyfiyyətdə onlar fəlsəfi və elmi idrakın parametri ola bilmirlər. Təhtəlşüurdan qaynaqlanan bu qeyri-müəyyənlik bütövlükdə elmi obrazlaşmaya ciddi əngəllər törədir. Onun aradan qaldırılması üçün artefaktların başqa idrakı sahəyə transformasiyası lazım gəlir. Buradan yanaşmamızın ikinci addımı məntiqi olaraq alınır.

İkinci addım psixoloji artefaktların intellektual fakta çevrilməsi prosesidir. İntellektual fakt artıq dayanıqlı “kod” ola bilir. Artefaktdan intellektual fakta çevrilmə idrakı prosesdir və sosial-mədəni mühitlə (praktiki aspektdə) şüurun dinamik təmasları sayəsində iki aspektin vəhdəti kimi “obyektləşir” və ya “faktlaşır”.

İntellektual fakt artıq təfəkkürün rasional-məntiqi fəaliyyəti sayəsində sosial-mədəni mühitlə daimi qarşılıqlı əlaqədə formalaşır. Burada başlıca prinsip həmin əlaqələrin nəticəsi olaraq fərdi və kollektvi miqyaslarda idrakı təcrübənin toplanması ilə bağlıdır. Bu təcrübə hər bir topluma özünəxas intellektual faktlar sahəsi formalaşdırmaq şansı yaradır.

Üçüncü addımda “intellektual faktlar sahəsi”ndə formalaşan informasiyaların məntiqi seçim əsasında iki istiqamətdə mənalandırılması aparılır. Birinci istiqamət “inanclar sahəsi”nə informasiyaların kod formasında transformasiyasıdır ki, onu “Doksa intellektual sahəsi” adlandırırıq, ikinci istiqamət rasional-məntiqi kriteriyaların üstünlük təşkil etdiyi “Epistema intellektual sahəsi”dir.

“İnanclar sahəsi” din və folklor yaradır, “epistema” isə elmi nəzəriyyələrin formalaşmasının potensial “koqnitiv məkanı”dır. Folklorun nümunəsində “potensial elmi nəzəriyyə”nin real nəzəri sistemə çevrilməsinin idraki mexanizminə baxaq.

“Doksa”da (doksa sübut tələb etməyən faktlar və ya kodlar sahəsidir) inanclar kodlar formasında mövcud olur. On görədir ki, doksa üçün fəlsəfi aspektdə “inandırma gücü” və “inandırma etikası” kimi anlayışlar xüsusi aktuallıq kəsb edir. Əlbəttə, bu prosesdə “xalq yaradıcılığı” və “xalq müdrikliyi” kimi anlayışların da semantik anlamı və funksional xüsusiyyətləri yeni prizmada daha aktual görünür. Onlar ayrıca araşdırılmalıdır.

Məsələ onunla bağlıdır ki, sübutsuz və əsasən dəyişməz kod kimi götürülən inanclarla elmi inam arasında bağlılıq məsələsi tədqiq edilir. Bu aspektdə M.Polaninin “aşkar edilməyən bilik” anlayışı ciddi epistemoloji əhəmiyyət kəsb edir. Belə alınır ki, elm üçün həmişə aşkar oluna bilməyən biliklərin folklorun idrakı sahəsindən qaynaqlanması məsələsi xüsusi tədqiq edilməlidir.

Bu keyfiyyətdə folklor epistemik sahədə olan rasional-məntiqi faktorlarla qarşılıqlı koqnitiv münasibətlərə daxil olur – hər iki sahədəki biliklər bir-birinə “aralıq məna sahəsində” təsir edirlər. Həmin aralıq sahədə folklorşünaslığın nəzəri bazası formalaşır. Lakin hələlik tam nəzəriyyə halına gəlmir (bu yalnız folklorşünaslığa aid deyildir, bütün elmi təlimləri əhatə edir). Buradan dördüncü addım üçün məntiqi əsas yaranır.

Dördüncü addımda “doksa-epistema” (inanc-rasional-məntiqi sübutluluq) qarşılıqlı münasibətlərinin ortaq kommunikativ sahəsində meydana gələn yeni mənaların aktuallaşması üçün “koqnitiv ölçüsü” daha yüksək olan yeni idrakı sahəyə transformasiya baş verir. Bununla elmlər meydana gəlir ki, özlərində “gizli idrakı” formada inancla rasionallığın sintezini ehtiva edirlər.

Deməli, “Gizli Dədə Qorqud”un nəzəri-konseptual dərkində “gizli məna”lardan bəhs etmək uğurlu bir dərketmə addımıdır. Bu əsasda konseptual olaraq bütövlükdə humanitar elmlərin konseptuallaşmasına azərbaycanşünaslıq çərçivəsində epistemoloji keçidetmənin rasional-məntiqi mümkünlüyü barədə düşünmək olar.

Bizim yanaşmada bu keçidin iki məntiqi bazası mövcuddur. Birincisi Lütfüzadənin qeyri-səlis məntiqidir, ikincisi C.S.Braunun “forma” məntiqidir (onların fəlsəfı izahı başqa mövzudur). Bu iki güclü məntiq təliminin sintezində Azərbaycan elmi humanitariyasının universal konseptuallaşdırılması imkanları və hüdudlarına baxmaq olar.

Həmin məntiq təlimləri bizim yanaşmanın nəzəri təməli olan mürəkkəblik paradiqması (Edqar Moren), dövrləşdirmə konsepsiyası (İsa Həbibbəyli anlamında), fəaliyyət nəzəriyyəsi (S.L.Rubinşteyn, A.N.Leontyev, L.S.Vıqotskiy, L.Qrehem, Y.Engeström) və aktor-şəbəkə nəzəriyyəsi (Bruno Latur) üçün çox səmərəli izahedici idraki gücə malikdirlər. Onlar yekun olaraq “yeni epistemologiya”da “sinergetik sintez” məntiqində ehtiva olunurlar.

Azərbaycan elmi humanitariyasının perspektivi

Əlbəttə, bütövlükdə götürdükdə azərbaycanşünaslığın “AMEA məktəbi”nin formalaşması çoxaspektli açıq prosesdir və bir fəlsəfi-epistemoloji yanaşma yetərli deyildir, müxtəlif variantların hazırlanması vacibdir. Şübhəsiz, araşdırmalar da məhz bu istiqamətdə aparılmaqda davam edəcəkdir. Burada əsas məqsəd müəyyən edilmiş prinsipial baza nəzəri-konseptual, metodoloji və dərketmə məqamları üzərində elmi humanitariyanı universal antropoloji səviyyəyə yüksəltmədən ibarətdir. “AMEA məktəbi”nin yaranması prosesi həmin kriteriyalar prizmasında davamlı inkişaf edən xarakterə malikdir.

Azərbaycanşünaslığın bütövlükdə humanitar elmlər miqyasında mənalandırılması, təbii ki, maraqlı və əhəmiyyətli istiqamətdir. Onun dövlətçiliyə və ümumiyyətlə, Azərbaycan elminə böyük faydaları olacaqdır. Bu baxımdan ölkənin elmlə əlaqəli hər bir qurumunun da “AMEA məktəbi”nin formalaşma dinamikasına maraq göstərməsi əhəmiyyətli olardı.

Başqa məqamlarla yanaşı, burada hər bir elmi təşkilat üçün indi çox əhəmiyyətli olan fənlərarası yaradıcı komandaların formalaşdırılmasının həyata keçməsi xüsusi aktuallıq kəsb edir. Azərbaycanşünaslığın inkişafında həmin yaradıcı platformanın çox uğurlu ola biləcəyinə inam vardır.

Hazırda Qərbdə, Çində, Yaponiyada və elmi inkişaf etmiş başqa yerlərdə fənlərarası yaradıcı komandalar aparıcı yer tuturlar. AMEA-da yaradılmış elmi fəaliyyət mühiti və onun təşkili fəlsəfəsi vurğulanan istiqamətdə səmərəli əməkdaşlığa və müsbət nəticəverici proqramlar tərtib etməyə geniş imkanlar meydana çıxarır. O cümlədən, Azərbaycan elmi humanitariyasının antropoloji konseptual universallaşdırılması bu prosesdə ciddi rol oynaya bilər. “AMEA məktəbi”nin fəaliyyət əhatəsi və təsir dairəsi baxımından bu məqamın vacibliyi aydındır.

Nəhayət, Azərbaycan elmi humanitariyasının konseptual universallaşdırılmasında fəlsəfənin aparıcı yerlərdən birini tutmalı olduğuna şübhə yeri qalmır. Xüsusilə, məsələnin ümumi nəzəri, konseptual və metodoloji istiqamətlərinin formalaşmasında fəlsəfi-epistemoloji sistem əsas yeri tutmalıdır.

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Sosial həyat