Yanvarın 21-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2026-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.
XQ xəbər verir ki, komitə sədri Arzu Nağıyev iclasın gündəliyinə 2 məsələnin – 2025-ci ilin payız sessiyası dövründə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatın və komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini bildirib.
O, payız sessiyasında komitənin səmərəli fəaliyyət göstərdiyini, bu müddətdə 24 iclasının keçirildiyini, 19 məsələyə baxıldığını, o cümlədən 5 qanun layihəsinin üç oxunuşda, 2 qanun layihəsinin bir oxunuşda müzakirə olunaraq qəbul edildiyini söyləyib.
Komitənin 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi barədə məlumat verən Arzu Nağıyev diqqətə çatdırıb ki, yaz sessiyası müddətində qanunvericilik təşəbbüsü qaydasında təqdim ediləcək qanun layihələrinin, bəzi qanunlarda ediləcək dəyişikliklərin müzakirəsi, hərbi səfərbərlik və hərbi xidmətkeçmə ilə bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. Bildirilib ki, sessiya ərzində, habelə komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təkliflərin təhlili, vətəndaşların müraciətlərinə baxılması, seçicilərlə görüşlərin keçirilməsi planlaşdırılır.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2025-ci ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat məqbul sayılıb, 2026-cı il yaz sessiyası üçün iş planının layihəsi təsdiq olunub.

