Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ədliyyə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq və ictimai iştirakçılığın səmərəliliyini artırmaq məqsədilə Nazirliyin Cəzaların icrasına nəzarət baş idarəsinə və İcra xidmətinə baş çəkiblər.
Cəzaların icrasına nəzarət baş idarəsində keçirilən görüşdə baş idarənin rəisi Anar Qocayev qurumun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, qarşıda duran hədəflər barədə məlumat verib. O, cəza siyasətinin humanistləşdirilməsi, cəza-icra qurumlarının fəaliyyətində tətbiq olunan yeni yanaşmalar, eləcə də məhkumların cəmiyyətə reinteqrasiyası istiqamətində görülən işlərdən danışıb.
İctimai şura üzvləri, həmçinin İcra xidmətində olublar. Xidmətin rəisi Vidadi Məmmədov qonaqlara icra proseslərində səmərəliliyin və operativliyin artırılması, elektron icra sisteminin təkmilləşdirilməsi, ötən il istifadəyə verilmiş mobil icra tətbiqi, eləcə də elektron hərrac portalı barədə ətraflı məlumat verib. Görüş zamanı islahatların nəticələri, icra prosesində şəffaflıq və effektivliyin artırılması, həmçinin rəqəmsal xidmətlər vasitəsilə vətəndaş məmnunluğunun təmin olunması məsələlərinə toxunulub.
İctimai şura üzvləri hər iki qurumda aparılan işləri yüksək qiymətləndirərək gələcək əməkdaşlıq və mütəmadi məlumat mübadiləsinin vacibliyini qeyd ediblər.
XQ




