Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evində keçirilən görüşdə şair və yazıçıların sosial ehtiyaclarının və mənəvi tələbatının cavablandırılması diqqət mərkəzində olub.
Bildirilib ki, Prezident İlham Əliyev ədəbiyyat və incəsənət adamlarının bədii yaradıcılığını daim diqqətlə izləyir, onların yaratdıqları mənəvi dəyəri yüksək qiymətləndirir. Səməd Vurğun adına Yaradıcılıq Evində müasir şəraitin yaradılması da qələm sahiblərinə dövlətin göstərdiyi dəstəyin növbəti ifadəsidir.
Burada rahat və müasir avadanlıqlarla təchiz olunmuş otaqlar, toplantıların, yaradıcılıq görüşlərinin keçirilməsi üçün salon, kinoteatr, kitabxana, istirahət zonaları, idman meydançaları var. Əsaslı təmir edilib abadlaşdırılmış sosial obyektdə istirahətlə yanaşı, sərbəst yaradıcılıq üçün də əlverişli ədəbi-bədii mühit yaradılıb.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev bütün bunlara görə birliyin çoxsaylı üzvləri adından dövlət başçısına minnətdarlığını bildirib.
Görüşdə ədəbiyyat və incəsənət adamlarının sosial qayğıları ilə bağlı AHİK-in həyata keçirdiyi layihələr və icra etdiyi yeniliklər barədə də məlumat verilib. Qeyd edilib ki, şair və yazıçıların Yaradıcılıq Evinin imkanlarından geniş şəkildə yararlanmaları üçün həmkarlar ittifaqları da fəal işə qoşulacaq, zəruri işlər görəcək.
Qonaqlar Yaradıcılıq Evində yaradılan şəraitlə tanış olub, cari birgə tədbirləri gündəmə gətiriblər.
Q.ƏLİYEV
XQ


