Bu sahənin inkişafı həm ölkəmizi tanıdır, həm də qazanc gətirir
Son illər Azərbaycanda turizmin inkişafı ilə bağlı böyük addımlar atılıb, uğurlu layihələr həyata keçirilib. Reallaşan dövlət proqramları, yüzlərlə turizm şirkətinin fəaliyyəti, bu yöndə marşrutların yaradılması Azərbaycanı turizm ölkəsi kimi tanıdıb. Sevindirici haldır ki, bu reallıqların və turizm sahəsinə ayrılan diqqətin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında ilbəil nəzərəçarpan dərəcədə artım müşahidə olunur.
Azərbaycanda bir neçə gündür ki, qış turizmi mövsümünə start verilib. Qış turizmi insanların istirahət, sağlamlıq və idman məqsədilə səyahət etməsini əhatə edən mühüm turizm sahəsidir. Qarla örtülmüş dağlar, şaxtalı hava və təbiətin özünəməxsus gözəlliyi qış turizmini digər mövsüm turizmlərindən fərqləndirir. Bu turizm növü həm macəra sevənlər, həm də sakit istirahət axtaranlar üçün geniş imkanlar yaradır. Qış aylarında termal sular, sanatoriyalar və SPA mərkəzlərinə səyahətlər də sağlamlıq turizminin inkişafına səbəb olur. İnsanlar soyuq havada həm dincəlir, həm də sağlamlıqlarını möhkəmləndirirlər. Eləcə də qış turizmi regionların sosial-iqtisadi inkişafında da mühüm rol oynayır. Turist axını otellərin, nəqliyyatın, ictimai iaşə obyektlərinin fəaliyyətini canlandırır, yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Xüsusilə dağlıq ərazilərdə yaşayan əhali üçün qış turizmi əlavə gəlir mənbəyinə çevrilir.
Azərbaycanda uğurlu layihələrdən və ilk dağ-xizək kurortu olan “Şahdağ” Qış-Yay Turizm Kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və il boyu fəaliyyət göstərmək iqtidarındadır. Həmçinin, kompleks müasir tələblərə cavab verir. “Şahdağ” Qış-Yay Turizm Kompleksi və “Tufandağ” Dağ-Xizək Kompleksinə yerli və xarici ölkə, xüsusilə də körfəz ölkələrinin vətəndaşları tərəfindən böyük maraq göstərilir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən “Şahdağ” turizm kompleksinin ərazisi 2058 hektardır. “Şahdağ” Qış-Yay Turizm Kompleksinə daxil olan “Qaya” və “Zirvə” mehmanxanalarının fəaliyyəti də turistlərin istirahətinə daha geniş imkanlar yaradır. Eləcə də Qusar və Qəbələdə yaradılan istirahət guşələri onu göstərir ki, Azərbaycan qış turizminin təşkili baxımından hər cür imkana malik ölkələrdəndir.
“Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfovun verdiyi məlumata görə, 2025-ci ilin 1 yanvar – 15 dekabr tarixlərində mərkəzə səfər edən ziyarətçilərinin sayı 300 mindən çox olub. O, qış turizm mərkəzinin genişləndirilməsinin beşinci mərhələsi çərçivəsində qış mövsümünün sonuna qədər 2 lift bazasının və 76 ədəd qar generatorunun quraşdırılmasının, ümumi uzunluğu 7070 metr olan yeni xizək yamaclarının inşasının, həmçinin 150 min kubmetrlik su anbarının tikintisinin və 26 nömrəli kanat xəttinin istifadəyə verilməsinin gələcəkdə xizək infrastrukturunun inkişafına xidmət edəcəyini bildirib.
Qış turizminin ən sevilən yerlərindən olan “Şahdağ” təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda, yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrilib. Belə ki, kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FİS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionu inşa edilir. Həmçinin bu ilin qış mövsümündə “Şahdağ” dağ xizəyi üzrə Azərbaycan çempionatına, xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna, eləcə də “Mogul” üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək. Onu da qeyd edək ki, “Şahdağ”da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-yə, uzunluğu isə 45 kilometrə çatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı, qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.
Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanda qış turizminin, eləcə də digər növlərinin coğrafiyasını genişləndirmək istiqamətində 30 illik erməni işğalından azad edilmiş Qarabağ və ətraf rayonlarda da böyük imkanlar vardır. Digər bölgələrimizlə yanaşı, Qarabağ torpaqları bütün imkanları ilə ən vacib regionlardan biridir və turizm potensialı kifayət qədər genişdir. Qarabağın əlverişli iqtisadi-coğrafi mövqeyi, zəngin ehtiyatlara, nadir təbii iqlim xüsusiyyətlərinə malik olması, münbit torpağı, zəngin flora və faunası ölkə turizm sənayesinin inkişafı üçün yeni üfüqlər açıb.
İlin dörd fəslində füsunkar təbiəti ilə qonaqları heyran edən, saf havası, müalicəvi suları, tarixi abidələri ilə dillərdə dastan olan füsunkar Qarabağ, sözsüz ki, yaxın illərdə ölkə turizminin inkişafına güclü təkan verəcək. Əzəli torpaqlarımız – Ağdam, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Şuşa, Xocalı, Xocavənd və Hadrut, eləcə də, erməni vandallarının darmadağın etdiyi digər yurd yerlərimiz əsl cənnətə çevriləcək. Təbii ki, yaxın gələcəkdə bu yerlər böyük turist axınına səbəb olacaq.
Turizm üzrə ekspert Rəhman Quliyev bu sahənin inkişafı ilə bağlı XQ-yə açıqlamasında bildirib ki, qış turizmi bir çox ölkələr üçün mühüm gəlir mənbəyidir. İsveçrə, Avstriya, Kanada kimi dövlətlərdə xüsusilə qış turizmi dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynayır. Sözsüz ki, ölkəmiz coğrafi mövqeyi və təbii iqlim şəraiti ilə qış turizminin inkişafı üçün böyük potensiala malikdir.
Ekspert hesab edir ki, ilk növbədə, infrastrukturun təkmilləşdirilməsi vacibdir. Qış turizmi mərkəzlərinə gedən yolların keyfiyyəti artırılmalı, ictimai nəqliyyat və hava limanları ilə əlaqə gücləndirilməlidir. Turistlər üçün rahat otellər, xizək mərkəzləri, kanat yolları və istirahət zonaları daha müasir səviyyədə qurulmalıdır.
İkinci mühüm məsələ xidmət keyfiyyətinin yüksəldilməsidir. Otellərdə, restoranlarda və turizm obyektlərində çalışan personal peşəkar təlimlərdən keçməli, xarici dil bilməli və turistlərlə düzgün ünsiyyət qurmağı bacarmalıdır. Bu, turist məmnuniyyətini artıraraq onların yenidən ölkəmizə gəlməsinə şərait yaradar. Bundan əlavə, reklam və tanıtım işləri gücləndirilməlidir.
Habelə, Azərbaycanın qış turizmi imkanları beynəlxalq sərgilərdə, sosial şəbəkələrdə və turizm platformalarında daha fəal şəkildə tanıdılmalıdır. Xüsusilə “Şahdağ”, “Tufandağ” kimi və gələcəkdə işgaldan azad olunmuş dağlıq rayonlarımızda tikiləcək qış turizmi mərkəzlərinin dünya miqyasında brendə çevrilməsi məqsədəuyğundur.
Digər tərəfdən, qiymət siyasəti də turist cəlbediciliyində mühüm rol oynayır. Daha münasib qiymətli tur paketləri, ailə və tələbələr üçün endirimlər turist axınını artıra bilər. Eyni zamanda, yerli sahibkarlara dövlət tərəfindən güzəştlərin verilməsi turizm sektorunun genişlənməsinə kömək edər.
R.Quliyev daha sonra qeyd etdi ki, qış turizminin inkişafı üçün kompleks yanaşma tələb olunur. İnfrastrukturun yaxşılaşdırılması, xidmət keyfiyyətinin artırılması, güclü reklam və düzgün qiymət siyasəti ölkəmizdə qış turizminin ilbəil inkişaf etməsinə və turist sayının artmasına səbəb olacaq. Bu sahənin inkişafı gələcəkdə dövlət büdcəsinə də ciddi iqtisadi töhfə verəcək.
Müşfiq MİRZƏ
XQ


