Ukraynanın Krivoqrad vilayətinin Kropivnitsk şəhərində bu bölgədə yaşayan soydaşlarımız üçün məscid tikilərək istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, soydaşımız Qalib Cəlalovun maliyyə dəstəyi ilə tikilən məscid Azərbaycanın milli-mədəni dəyərlərinin və dinimizin təbliği baxımından önəmli hesab edilir.
Məscidin axundu, 1968-ci ildə Azərbaycanın Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmuş Elman Həsənov AZƏRTAC-a açıqlamasında bildirib ki, 40 ildir Kropivnitsk şəhərində yaşayır. O, sovet dövründə təhsil almaq üçün bu şəhərə gəlib. “Ukraynanın digər şəhərlərində mövcud olan məscidlərin əksəriyyəti digər müsəlman xalqların nümayəndələri tərəfindən inşa edilib. Bu məscid isə məhz azərbaycanlılar üçün tikilərək istifadəyə verilib. Ukraynada türklər, çeçenlər, ərəblər necə məscid tikirlərsə, biz də Allah adına bu cür nəcib iş görmüşük”, - deyə Elman Həsənov əlavə edib.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Kirovoqrad vilayəti təşkilatının sədri Yusif Məmmədov isə AZƏRTAC-a bildirib ki, Kropivnitsk şəhərində 100-ə yaxın azərbaycanlı ailə yaşayır. “Diaspor olaraq soydaşlarımızın problemləri ilə yaxından maraqlanırıq, qanun çərçivəsində onların problemlərinin həllinə çalışırıq. Kropivnitsk şəhərinin dövlət qurumlarında, o cümlədən polis və prokurorluq orqanlarında çalışan həmyerlilərimiz də var. Onlar da soydaşlarımızla yaxından maraqlanırlar”, - deyə Yusif Məmmədov vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kropivnitsk

