34 il doğma yurdumuz olan Kərkicahana qayıdacağımız günü həsrətlə gözləmişik. Köçkünlük illərində bu torpağın hər daşının, hər çınqılının həsrətini çəkmişik. Bu gün çox şükür olsun ki, yenidən buradayıq, Kərkicahana qayıtmışıq. Doğma yurda qovuşmağın sevincini yaşayırıq.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi sakini Təranə Şahmuradova söyləyib.
34 il əvvəli xatırlayan Təranə Şahmuradova bildirib ki, qəhrəman Kərkicahan sakinləri 4 il düşmənlə inadla mübarizə aparıb doğma yurdlarını qoruyublar: “Ermənilər Xankəndi ilə Kərkicahan arasındakı körpünü bağlayıb əlaqəni kəsmişdilər. Biz meşə ilə Şuşaya yol açdıq. Dörd il mübarizə aparıb Kərkicahanı qoruduq. Lakin 1991-ci il dekabrın 28-də erməni silahlıları hücuma keçib Kərkicahanı işğal etdilər. Qəhrəman Kərkicahan 34 şəhid verib. Mənim qardaşım, həyat yoldaşım, dayım, qayınım şəhid olub, bir qardaşım itkin düşüb. Şükür ki, bu gün yenidən bu torpaqdayıq. Çox sevinirik, çox qürurluyuq. Prezidentimizin Kərkicahana qayıdan sakinlərlə görüşməsi isə sevincimizə əlavə sevinc, qürurumuza əlavə qürur qatdı. Bizi yenidən Kərkicahana qovuşdurduğu üçün Prezidentimizə, Ordumuza minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, iki il əvvəl antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına keçən Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində həyat yenidən canlanıb. Qəsəbədə evlərin təmiri ilə yanaşı, sosial infrastrukturun qurulması istiqamətində də layihələr həyata keçirilib. Kərkicahan qəsəbəsinə ilkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin qayıdıb.





