İnam Kərimov: Ədalətli məhkəmə araşdırması həm də, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür

post-img

Vəkillik sadəcə bir peşə deyil, hüququn canlı müdafiəsi, insan ləyaqətinin təminatı və məhkəmədə tərəflər arasında bərabərliyin real mexanizmidir. Ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, peşəkar, prinsipial və məsuliyyətli vəkil fəaliyyəti ilə mümkündür.

AZƏRTAC xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov 28 Dekabr - Vəkil Günü peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının (VK) üzvlüyünə yeni qəbul olunan vəkillərin təntənəli andiçmə mərasimində çıxış edərkən deyib.

İ.Kərimov bildirib ki, Məhkəmə-Hüquq Şurasında, Hakimlərin Seçki Komitəsində və Ali Məhkəmə yanında Elmi-məsləhət Şurasında vəkillərin təmsil olunması məhkəmə-vəkil əməkdaşlığının institusional əsaslara malik olduğunu bir daha nümayiş etdirir: "Vəkillər tərəfindən qaldırılan məsələlər daim diqqətdə saxlanılır və onların həlli istiqamətində müvafiq tədbirlər görülür. Bu mənada Femida Dialoq Platforması çərçivəsində Vəkillər Kollegiyasının üzvləri ilə mütəmadi görüşlərimiz xüsusi qeyd edilməlidir. Bildiyiniz kimi, bu platforma məhkəmə və hüquq sisteminin bütün maraqlı tərəfləri - məhkəmə hakimiyyəti, vəkillər, hüquqşünaslar və vətəndaş cəmiyyəti ilə davamlı müzakirələr təşkil etməyə xidmət edir.

Qeyd etmək istərdim ki, hazırda fəaliyyət göstərən hakimlərimizin bəziləri əvvəllər Vəkillər Kollegiyasının üzvü olublar. Eyni zamanda, təqaüd yaşına çatan bir sıra təcrübəli hakimlərimizin də vəkillik fəaliyyətinə üz tutması məhkəmə və vəkillik institutları arasında peşəkar qarşılıqlı keçidin mövcudluğunu nümayiş etdirir”.

İ.Kərimov deyib ki, bütün bu hallar məhkəmə hakimiyyəti ilə vəkillik institutu arasında formalaşmış əməkdaşlığın hüquqi dövlətin möhkəmləndirilməsində və ədalətli məhkəmə təminatının reallaşdırılmasında mühüm rol oynadığının bariz nümunəsidir: “Əminik ki, vəkillik institutu bundan sonra da hüququn aliliyinə, insan hüquqlarının müdafiəsinə, qanunçuluğa və bərabər hüquqi yardıma çıxış prinsiplərinə sadiq qalaraq fəaliyyətini layiqincə davam etdirəcək".

 

 

Sosial həyat