Bu ilin yanvar-noyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
İşçi Qrupundan XQ-yə verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 min 441 cinayət faktı aşkarlanıb. Onlardan 2 min 403-ü narkotik vasitələrin qanunsuz satışı, 4 min 850-si narkotik vasitələrin qanunsuz əldə edilib-saxlanılması, 186-ı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
8 ton 334 kiloqram 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 37 kiloqram 413,78 qramını marixuana, 745 kiloqram 500,982 qramını heroin, 144 kiloqram 728,924 qramını tiryək, 75 kiloqram 384,242 qramını həşiş, 153,551 qramını kokain, 181 kq 871,261 qramını digər narkotik vasitələr və 149 kiloqram 660,186 qramını psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 15 min 516 ədəd metadon, 18 min 938 ədəd çətənə bitkisi, eləcə də 1 kiloqram 111,692 qram,108 həb, 39 kapsul güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1201,5 hektar sahədən yaş kütləsi 304 ton 762 kq olan 2 milyon 600 min 707 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 334 kiloqram 712,932 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 219 milyon 573 min AZN kimi qiymətləndirilir.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5 min 117 nəfər cəlb edilib, onlardan 4 min 961 kişi, 156 qadın olub.
Məsuliyyətə cəlb edilmiş 85 xarici ölkə vətəndaşından ümumilikdə 936 kiloqram 501,249 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qram çətənə bitkisi götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 231 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 3 ton 847 kiloqram 95,152 qram və 15 min 516 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 min 194 ədəd həb və 5,7 qram güclü təsir edən maddə çıxarılıb.

