Üç il əvvəl Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binası ilə tanışlıq zamanı ziyalılarla görüşündə gənclərə üz tutaraq deyib ki, biz öz tariximizi bilməli və ondan ibrət almalıyıq. Bu baxımdan Balakən rayonu A.Səhhət adına Hənifə kənd tam orta ümumtəhsil məktəbində “Qərbi Azərbaycanın tarixi ümumi tariximizin tərkib hissəsidir” mövzusu üzrə açıq dərsin keçirilməsi təqdirəlayiqdir.
Açıq dərsə əslən Qərbi Azərbaycandan olan soydaşlarımız da qatılıblar. İcmanın Balakən rayon nümayəndəsi Yaşar Məmmədov, Amasiya rayonunun keçmiş sakinləri – hazırda Hənifə kənd bələdiyyəsinin sədri olan Vətən Bayramov, eləcə də Qəribə Səfərli, Məlahət Alvasova, Qıztaman İbrahimova, Şakir Miskinov, Elza Axverdiyeva, Balakən rayon təhsil sektorunun müdiri Mehparə Murtuzəliyeva və başqalarının iştirakı açıq dərsi daha da faydalı və səmərəli edib.
Şagirdlərə dərsin məqsədi bildirilməklə gənc nəslin Qərbi Azərbaycanla bağlı həqiqətləri bilməsi, qədim yurd yerlərimizin tarixini, mədəniyyətini, adət-ənənələrini yaşatmalı olduğu zərurəti izah olundu. Sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Ali Attestasiya Komissiyası Filologiya və pedaqogika üzrə ekspert şurasının sədri, Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim Mahirə Hüseynovanın iştirakçılara göndərdiyi təbrik məktubu oxundu. Bu kimi müzakirələrin Qərbi Ermənistan mövzusunun aktuallaşdırılması baxımından əhəmiyyətini yüksək dəyərləndirən Mahirə xanımın məktubunda Balakəndə təşkil olunan açıq dərsi intellektual insan kapitalının artması, azərbaycançılıq tarixinə, xalqın maddi və mənəvi sərvətlərinə təəssübkeş münasibət nümunəsi olduğunu vurğulaması diqqətə çatdırıldı.
Təbrik məktubundakı bu sətirlər maraqla qarşılandı: “Əminəm ki, bu dərs gəncliyimizin Qərbi Azərbaycan mədəni irsinə sahiblənməsinə, həmin tarixi torpaqlarımızda yaşamış soydaşlarımızın qayıdış arzularına, ümumilikdə elm, sənət, ədəbiyyat və incəsənətimizə marağına güclü impuls verəcək. Bugünkü orta məktəb şagirdlərinin sırasında gələcək tədqiqatçılarımızın olduğuna inanıram. Buna da inanıram ki, onlar erməniləşdirilmiş əzəli Azərbaycan torpaqlarının doğma coğrafi məkanımız kimi tədqiqinə yorulmaz səylər göstərəcəklər”.
Dərsin gedişində “Ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycanla bağlı yürütdüyü siyasət təkcə tarixi xatırlatma deyil, beynəlxalq hüquqa əsaslanan qayıdış konsepsiyasıdır” başlığı altında videoçarx, Qərbi Azərbaycanda olan mədəni-mənəvi irsimizə aid “Göy məscid”, “Güzgülü məscid” “ Sərdar məscidi”nin şəkillləri, Naxçıvanın Kəngərli rayonunun Çalxanqala kəndində məskunlaşan soydaşlarımızın həyat tərzi barədə videoçarx nümayiş etdirildi. Hətta bir şagird – Aydəniz Əhməyeva əvvəlcədən keçiriləcək mövzu ilə məlumatlandırıldığına görə Sərdar məscidinin şəklini və maketini hazırlamışdı. Əyani vasitələrlə zəngin olan dərsdə şagirdlər qonaqlara müxtəlif suallarla müraciət etdilər. Onlar da sualları cavablandırmaqla yanaşı, Qərbi Azərbaycanda yaşadıqları dövrlərlə bağlı xatirələrindən, yaşayış tərzindən, adət-ənənələrindən danışdılar.
Dərs prosesində “Mənim Qərbi Azərbaycanım” kitabından gətirilən sitatlar, istifadə edilən materiallar iştirakçıların kitaba olan marağını daha da artırdı.
İştirakçılar dərsin keçirilməsinin təşəbbüskarı olan Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvlərinə, təhsil tariximizə dəstək olan, pedaqoqların stolüstü kitabı olan “Mənim Qərbi Azərbaycanım”ın oxucu kütləsinə çatdırılmasında redaktor kimi fəaliyyətinə görə Mahirə xanıma, eləcə də buraxılışa məsul şəxs olan layihə meneceri Rövşən Ağayevə və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə minnətdarlıqlarını bildirdilər.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

