Şəmkir yenə ölkənin “kartof birincisi”dir

post-img

Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvar-sentyabr aylarını əhatə edən son hesabatı Azərbaycanın kənd təsərrüfatında illərdir davam edən bir tendensiyanı yenidən təsdiqlədi: kartof istehsalında ölkənin lideri bu il də dəyişməyib. Şəmkir yenə birinci yerdədir. Rəqəmlər isə bunun təsadüf olmadığını açıq şəkildə göstərir.

Rəsmi məlumata əsasən, 2025-ci ilin ilk doqquz ayında ölkə üzrə 903 min 22 ton kartof istehsal olunub. Bunun 191 min 414 tonu və ya 21,2 faizi Şəmkirin payına düşür. Sadə dillə desək, Azərbaycanda süfrəyə çıxan hər beş kiloqram kartofun bir kiloqramı məhz bu bölgədə yetişdirilib. Bu göstərici həm istehsal gücünün, həm də bölgədə uzun illər ərzində formalaşmış kənd təsərrüfatı ənənəsinin real nəticəsidir.

Şəmkir yalnız 2025-ci ildə yox, son üç ilin, 2023 və 2024-cü illərin göstəricilərinə əsasən də ölkənin kartofçuluq mərkəzi olub. Bu ardıcıllıq bölgədə təsərrüfatın inkişafının epizodik yox, sistemli şəkildə aparıldığını sübut edir. Hər mövsümdə torpaqdan yüksək məhsuldarlıq alınması, həm aqrotexniki tədbirlərin düzgün planlanmasını, həm də fermerlərin müasir yanaşmalara uyğunlaşmasını ortaya qoyur.

Şəmkirli fermer Rauf Məmmədov bölgədəki real vəziyyəti belə təsvir edir: “Şəmkir torpağı kartofçuluğa uyğun gəlir. Amma bu nəticə sırf torpağın işi deyil. Bizə güc verən düzgün planlama, müasir texnika və vaxtında görülən aqrotexniki tədbirlərdir. Məhsul həm çox olmalıdır, həm də keyfiyyətli.”

Məmmədov bildirir ki, bu il məhsuldarlığı artırmaq üçün yeni suvarma sistemləri, yüksək məhsuldar toxumlar və müasir mexanizasiya vasitələri işə salınıb. Fermerlər həm də bazar tələblərini yaxından izləyərək məhsulun həm yerli, həm də ixrac standartlarına uyğun olmasına çalışırlar.

Kənd təsərrüfatı üzrə mütəxəssis Aytac Qasımova bölgənin üstünlüklərini izah edərkən bir neçə amili xüsusi vurğulayır. O, qeyd edir ki, iqlim şəraiti kartofçuluq üçün ideal mikrozonalar yaradır. Suvarma infrastrukturu digər rayonlarla müqayisədə daha inkişaf edib. Fermerlərin peşəkarlıq səviyyəsi yüksəkdir və bazar dəyişikliklərinə tez uyğunlaşırlar. Dövlət dəstəyi, subsidiyalar və təlimlər bölgədə daha effektiv tətbiq olunur.

Ekspertə görə, Şəmkirdə kartofçuluğun ildən-ilə yüksəlməsi “strategiya ilə əməyin düzgün vəhdətinin” nəticəsidir. Bu il Şəmkirdə məhsuldarlığı daha da yüksəltmək üçün bir sıra prioritetlər müəyyənləşdirilib. Bunlar yeni suvarma xətləri və drenaj sistemlərinin genişləndirilməsi, toxumçuluqda yüksək məhsuldar sortlara keçid, texnika parkının yenilənməsi və müasir mexanizasiya, daxili bazarda qiymət sabitliyinin qorunması, ixrac potensialının artırılmasından ibarətdir.

Rəsmilər bildirirlər ki, görülən tədbirlər nəticəsində gələn il kartof istehsalında ən azı 10 faizlik artım gözlənilir. Şəmkirin ardıcıl liderliyi yalnız bu rayon üçün yox, ümumilikdə ölkənin ərzaq təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır. Kartof strateji məhsullardan sayıldığı üçün bölgədə istehsalın artması daxili bazarın sabitliyinə, qiymətlərin nizamlanmasına və idxaldan asılılığın azalmasına birbaşa təsir edir. Göstəricilər onu deməyə əsas verir ki, Şəmkir yalnız bu günün yox, həm də gələcək illərin kənd təsərrüfatı mərkəzi kimi formalaşır.

Bu dinamika davam edərsə, mütəxəssislər hesab edir ki, Şəmkir yaxın illərdə təkcə Azərbaycan üçün deyil, region üçün də əsas kartof istehsalı mərkəzlərindən biri ola bilər.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat