Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı və millət vəkili Fariz İsmayılzadənin təşkilati dəstəyi sayəsində Lənkəran şəhərində Müstəqil Azərbaycanın memarı, görkəmli dövlət xadimi, əbədiyaşar dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə “Sən elə bir zirvəsən!” adlı foto-sərgi təşkil olunub.
Lənkəran ŞİH başçısı Taleh Qaraşovun, millət vəkili Fariz İsmayılzadənin və gənclərin qatıldığı tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanında ucaldılan möhtəşəm abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan foto-sərgidə Ulu Öndərin və Vətən yolunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov çıxışı edib:- Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixində yalnız böyük dövlət xadimi kimi yox, həm də xalqına sevgi və sədaqət nümunəsi ilə iz qoyub. Onun müdrikliyi, qətiyyətli siyasi iradəsi və yorulmaz zəhməti sayəsində Azərbaycan dövlətçiliyinin təməlləri möhkəmlənib, ölkəmiz çətin sınaqlardan alnıaçıq və üzüağ çıxıb. 1990-cı illərin ağır, taleyüklü günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas edib, sabitlik və inkişafın bünövrəsini qoyub. Bu gün güclü iqtisadiyyatımızın, ordu qüdrətimizin, beynəlxalq nüfuzumuzun əsası onun uzaqgörən siyasətinin nəticəsidir.
İcra başçısı xüsusi olaraq onu da vurğulayıb ki, Ulu Öndərin ən böyük arzusu azad, güclü, müasir Azərbaycan hazırda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə dayanıqlı inkişafı onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılması onun ideyalarının əbədiyaşarlığının bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən parlaq şəxsiyyəti, onun dövlətçilik təfəkkürü, siyasi iradəsi, xalqına olan sonsuz sevgisi hər bir azərbaycanlı üçün, xüsusilə də gənclərimiz üçün böyük nümunə olduğunu qürurla bildirən Millət vəkili Fariz İsmayılzadə çıxışına onu da əlavə edib ki, bugünkü sərginin təşkili gəncləri Ümummilli Liderin Lənkərana olan səfərləri ilə tanış etmək və onlara yeni ilham verməkdir. Sərgidə nümayiş olunan hər bir foto bizim üçün dəyərlidir, onlar Ulu Öndərin xalqa xidmət yolunu, onun prinsipiallığını, dövlətə, xalqına sonsuz sevgisini və son nəfəsinə qədər Azərbaycan uğrunda çalışmasını göstərir.
Bədii hissəsində şagirdlərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunan şer və musiqilərdən xoş ovqat alan tədbir iştirakçıları sərgidəki Ümummilli Lider Heydər Əliyevin Lənkəran rayonuna səfərlərini özündə əks etdirən fotolarla tanış olublar.
Tədbirdən sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Gənclərin inkişafında Heydər Əliyev irsinin rolu” mövzusunda forum keçirilib. Forumda panel müzakirələrdən sonra gəncləri daha çox düşündürən suallara cavab verilib.
Zəfər ORUCOĞLU






