Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” bu dəfə Ağdaş rayonunda keçirilib.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatları Sahib Alıyev və Məzahir Əfəndiyev, Agentliyin İdarə Heyəti sədrinin müavinləri Nihad Muxtarlı və Hasil Abbasov, rayonun dövlət və özəl təşkilatlarının rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər “PeşəFest”in gənclərin bacarıq və yaradıcılıq potensialının üzə çıxarılması və əmək bazarının çağırışlarına hazırlanması, onların əmək bazarındakı aktual peşələr və bu peşələr üzrə tələblər barədə məlumatlanmaları, düzgün peşə seçimi etmələri baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıblar.
Sonra müxtəlif peşə sahibləri öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüb, yeniyetmələrin və onların valideynlərinin suallarını cavablandırıblar.
Festivalın təşkil olunacağı digər ünvan və tarixlər isə belədir:
* Qəbələ – 11 oktyabr
* Xaçmaz – 13 oktyabr
* Bakı – 22 oktyabr
Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunur.
İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Mustafa Kamal
XQ
XQ