Oktyabrın 3-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarından olan vətəndaşları qəbul edib.
DGK-dan XQ-yə bildirilib ki, Şahin Bağırov qəbuldan öncə Naftalan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Naftalan və Gəncə şəhərləri, Goranboy, Tərtər və Göygöl rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.