Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 13-15 avqust 2025-ci il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” adlı təşviqat avtobusu layihəsi çərçivəsində Şəmkir rayonuna növbəti səfər təşkil olunub.
Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Çinarlı, Kür qəsəbələri, Yeni həyat, Şiştəpə və Düyərli kəndlərində, 165 uşağın iştirakı ilə “Uşaq hüquqları”, “Liderlik bacarıqları” və “İnternet təhlükəsizliyi” mövzularında təlimlər keçirilib.
Dövlət Komitəsinin əməkdaşı Bahar Həsənli, təlimçi Ülkər Nəcməddinova və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin təlimçiləri tərəfindən mövzu üzrə məlumatlar verilib, müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb, həmçinin Uşaq səfirlər Məclisinin fəaliyyəti barədə uşaqlar məlumatlandırılıb.
Təlimlərin sonunda uşaqlara “İnternetdə təhlükəsizlik qaydalarına riayət et”, “Sağlam yaşamı həyat tərzinə çevir!” adlı maarifləndirici əlfəcinlər, eləcə də “Uşaqları zərərli informasiyadan qoruyaq! adlı məlumat kitabçası, yapışqanlı stikerlər, həmçinin müxtəlif bədii kitablar hədiyyə edilib.