Salam, baba ocağı!

post-img

Köhnə, tanış yolla, ata-baba yurduma səmt götürmüşəm. Həsrətli addımlarla yeriyirəm. Yolu ot basıb. Nə gələn var, nə də ki gedən. Səs-səmir də eşidilmir... 

Bir vaxtlar bu məkan bizlərin – Həsənovların haylı-küylü yuvası idi. Bu mülk ayrıca birmərtəli, bir də ona bitişik ikimərtəbəli, dördotaqlı 2 evdən ibarət idi. Həyətində tövlə, hin,  dirrik sahəsi də var idi. İri tut və ərik ağacı həm kölgəlik, həm yaraşıq, həm də bar-bərəkət idi. 

Divarı bişmiş kərpiclə hörülmüş quyu ailənin yeraltı bulağı – dirilik çeşməsi idi. Yayın qızmar  dövründə də buz kimi bol suyu olurdu. Məhəllə adamları da suyu buradan çəkib aparırdılar. Birmərtəbəli evin qabaq küncündə ocaqxana, təndirxana, içərisində isə bir tərəfdə buxarı, ön divarda qədimi qaydada taxçalar qurulmuşdu.

İndi niyə suyu sovulmuş dəyirmana bənzəyir bu yerlər?.. Burada  babam Hacı Zərbi oğlu Məşədi İsa həyat yoldaşı Məşədi Səkinə Şahbaz qızı ilə mehriban ömür sürmüş, o dövr üçün rahat,  geniş evdə böyük bir külfət sahibi omuşdu. Xəyalımda o günlərin  hay-harayı çağlayır, qarşımda isə səssizlikdən qulaq tutulan bir mənzərə boynunu büküb...

Doğmalarımı uca səslə haraylayıram. Hay verən, eşiyə çıxan görünmür ki, görünmür.  Ən  yaxın qonşunu – həyat yoldaşı müharibədən qayıtmayan seyid nənəni,  Mir Hadının, Mir Mehdinin, Mir Həsənin, Mir Salehin, Zəhranın  və  Rahilənin anasını – Quran oxuyub, namaz qılan ağbirçəyimizi səsləyirəm: Ay Gülzar xala, bu evin yiyəsi, nənəm Məşədi Səkinə hanı?  Hayıma cavab gəlmir! Səs-səmir də eşidilmir...  

Evimizin  sağ çiynindəki evdəkilərə – Əlinin, Ayazın,   Nağının,  elə bütün tay-tuşumun nənəsi və maması bildiyimiz Xurşud nənəyə, Dilşad mamaya üz tuturam: – Qonşular, bu evin yiyəsi hanı? Nənəm Məşədi Səkinə, anam Xatun haraya gediblər Sualıma kimsə dillənmir. Yoxsa  bizim evin ağbirçəyi, nənəmiz Məşədi Səkinə 42-ci ildə müharibəyə yola saldığı əsgər övladı Hacıbalanı aramaq üçün gedib, şəhid yarasını sarımaq üçün yola çıxıb?.. 

Daha bir qonşun – Suğra xalanın, Həmidin, Tofiqin, Püruzənin anasına yalvarışla dillənirəm:- Ay qonşu, bu evin yiyəsi hanı?  Nə dinən var, nə eşiyə çıxan!..  

Bu qonşuların həyət-bacaları ümumidir. Yəni həyətyanı sahələr bir-birindən ayrılmayıb – nə çəpər var, nə hasar. Bu məhəllədə kimsə kimsənin toyuğuna “kiş!”- deyib, çımxırmır. Bir evin toyuğu digər evin hinində yumurtlayır. Bu həyətlərdə hətərən-pətərən eşidilməzdi. Xüsusilə qadınlar  can deyib, can eşidərdilər. İndi həyətlər də boşalıb. Onların çal-çağırlı günləri  unudulub, qəhətə çıxıb. Axı kimsəsizdir, bu yurdlar.  Ötən sakinlər hərə bir tərəfə köç  edib – köçəri qaranquşlar sayağı. Nə bir inni-cinni, nə bir quş qalıb... Amma bir  evin eyvanında onillər qabaq gördüyüm qaranquş yuvası məni heyrətləndirdi... Bu gün də bərqərardır quşların əcdadının yuvası. İçərisindən dimdiyinin sarısı hələ solmayan 2-3 qaranquş balası civiltiynən boylanır. Deyəsən bizləri qınayırlar...  Görünür, onların böyükləri neçə arxadandönən əcdadlarının instikti ilə bu yerlərə sevinc-sədaqətlə qayıtmışlar?.. 

Bizlər  onlardan ibrət götürməmişik. Elə-obaya nankor çıxmışıq. Geriyə – dədə-baba yurduna dönməmişik. Bu nəxələflik üzündən İndi  həyət-baca, boşalmış, evlər  boyunlarını büküb, küskün-küskün yollara boylanır... Ürək gərəkdir,  bu həsrətli mənzərəyə tab gətirsin.... 

Çevrilib  doğma evimizə bir də nəzər salıram. Ah! Öz doğma evimiz həsrətə tab gətirməyib, çöküb-köhnəlib, kimsəsiz qalıb. Övlad, nəvə-nəticə hənirtisinə, gülüş-sevincinə həsrətdir. Özüm kimi qocalıb, taqətdən düşüb. Elə bil nəyinsə-kiminsə qarşısında diz çöküb, səcdə eləyir... Nədən ki, qənşərində təndir alovlandırılmır, ocaq qalanmır...  

Bu dəm bir şeir misralarını xatırlayıram:

Bir zaman hər kəsin diqqətin çəkən
O xoşbəxt ocaqdan bircə daş qalıb. 
Köhnə kirəmitlər dərddən çat verib,
Fikirdən dirəyin dizi bükülüb.
Bir paslı qıfıla əmanət olan
Qapının gözləri yola dikilib. 

Xəyallardan ayrılıb düşünürəm ki, on illər boyu qazandığım uğurlara sevinə-sevinə baba ocağımdan nə qədər uzaqlaşmışam. Nə yaxşı ki, bu ocağa sevgim, bağlılığım zərrə qədər azalmayıb. Mənə həmin uğurları qazandıran da, şübhəsiz, bu ocağın tərbiyəsi, verdiyi güc-təpər olub. Odur ki, əlvida demirəm: Salam, baba ocağı! 

Rafiq HƏSƏNOV,  
“Xalq qəzeti”nin keçmiş əməkdaşı

 

Sosial həyat