X YAZI
Ölüm kodlaşması varmı?
İnsanlığın ən qədim sualı budur: "Ölüm nədir və niyə var?" Bəs əgər həyat bir kodun nəticəsidirsə, onda ölüm də kodlaşdırılmış bir hadisədirmi? Bioloji baxımdan ölüm orqanizmin funksiyalarının dayanmasıdır. Ancaq bu sadə texniki tərif varlığın fəlsəfi dərinliklərini izah edə bilmir. Bəlkə də ölüm, həyat kodunun son sətiri, ya da başqa bir kodun – ruhani varlığın başlanğıcıdır.
Genetik sistemlərdə "apoptoz" deyilən təbii hüceyrə ölümü proqramlaşdırılmış şəkildə baş verir. Bu, kainatda kodlaşdırılmış ölümün mikrobioloji nümunəsidir. İnsanın makroölümü də belə bir proqramın nəticəsidirmi? Bəlkə də bədən ölür, amma şüurun başqa qatları yeni bir reallıqda, fərqli bir sistemdə fəaliyyətini davam etdirir.
Ruh və şüurun davamlığı
Əgər insan şüuru sırf bioloji quruluşa bağlı deyilsə, onun davamlığı mümkündürmü? Süni intellekt sahəsində aparılan tədqiqatlar göstərir ki, məlumat ötürülə və saxlanıla bilir. İnsanın yaddaşı, düşüncə kodları və mənlik hissi də informasiya xarakteri daşıyırsa, niyə onlar “köçürülə” bilməsin?
Burada “ruh” anlayışı öz aktuallığını qoruyur. Ruh, bəlkə, kainatın universal kod bazasına qoşulan, ölümsüz məlumat daşıyıcısıdır. Bizim etdiklərimiz, düşündüklərimiz, hiss etdiklərimiz – hamısı bir növ “əxlaqi kodlaşdırma” ilə qalaktik sistemə ötürülür və orada yeni bir varlıq forması kimi yaşayır.
Kainatın taleyi – kodun sonu varmı?
Əgər kainat da bir kod sistemidirsə, onun da başlanğıcı və sonu olmalıdır. Böyük Partlayış (Big Bang) bu sistemin işə düşməsi idisə, bəlkə, Böyük Dondurma (Big Freeze) – bütün enerjinin səpələnərək həyatın qeyri-mümkün hala gəlməsi – onun sonu olacaq?
Bəs bu “son”, əslində, yeni bir "kod dövrü"nün başlanğıcı deyilmi? Axı kod heç vaxt sadəcə silinmir, o ya yenidən yazılır, ya da başqa bir platformada işləməyə davam edir. Əbədiyyət bəlkə də həyat, ölüm və yenidən doğuluş arasında, bu kodların daimi çevrilişidir.
Sonluğun sirləri
Sonluq yalnız zaman anlayışına bağlıdır. Amma əgər zaman özü də kodlaşdırılmış bir konstruksiyadırsa, onun içindəki "son" da nisbi və dəyişkən ola bilər. Həyatın "müddəti" deyil, "mənası" əsas kodu müəyyən edir.
İnsan yaşadığı müddət ərzində öz kodunu – xatirələrini, əməllərini, sevgisini və mərhəmətini – əbədiyyətin sisteminə yazır. Və bu kod, ölüm qapısından keçsə belə, haradasa, hansısa bir qatda varlığını davam etdirir.
Oğuz ARİF